Samir Abasova xəbərdarlıq edildi, vərəqlər ləğv olundu

samir-abasova-xeberdarliq-edildi-vereqler-legv-olundu
Oxunma sayı: 1367

AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən iclasda Topaz Premyer Liqasının 24-cü turunun matçlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:
 
Topaz Premyer Liqasının XXIV turunun  “Sumqayıt” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov , məşqçisi Seymur Rəhimov və rəsmi şəxsi Elnur İbişov hakimə qarşı emosional tərzdə etiraz ediblər. Bu səbəbdən adları çəkilən şəxslərə xəbərdarlıq olunurlar. Bu hal yenidən təkrarlanacağı təqdirdə şəxslər cəzalanacaq.
 
Topaz Premyer Liqasının XXIV turunun  “Keşlə” – “Zirə” matçının 45-ci dəqiqəsində “Keşlə” klubunun 15 №-li futbolçusu Orxan Sadıqlı qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
 
Oyunun 45-ci dəqiqəsində “Keşlə” klubunun 15 №-li futbolçusu Orxan Sadıqlıya göstərilmiş sarı vərəqə ləğv edilir.
 
Topaz Premyer Liqasının XXIV turunun  “Neftçi” – “Qəbələ” matçının 63-cü dəqiqəsində “Neftçi” klubunun 8 №-li futbolçusu Emin Mahmudov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub.  Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
 
Oyunun 63-cü dəqiqəsində “Neftçi” klubunun 8 №-li futbolçusu Emin Mahmudova göstərilmiş ikinci sarı vərəqə ləğv edilir.
 
“Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
 
Əvəzedici heyətlərin XXIV turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi” və “Qəbələ” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 400 manat cərimə olunur.
 
I Divizionun XXIV turunun “Mil-Muğan” – “Zaqatala” matçının 49-cu dəqiqəsində “Mil-Muğan” klubunun 3 №-li futbolçusu Cavid Heydərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
 
I Divizionun XXIV turunun “Turan Tovuz” – “Sabah” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.