Samir Ələkbərovdan şok açıqlamalar - Sifariş verənlərin adını çəkdi

samir-elekberovdan-sok-aciqlamalar
Oxunma sayı: 3556

U-21 yığmamızın baş məşqçi əvəzi Samir Ələkbərov Sport24.az saytına  müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Elxan Məmmədov bugünkü müsahibəsində sizinlə görüşəcəyini bildirib. Maraqlıdı, AFFA-nın baş katibi ilə müzakirə mövzunuz nələr oldu?

- Əvvəlcədən də bildirilmişdi ki, məni 3 oyunluq baş məşqçi əvəzi təyin ediblər. Anlaşmamız başa çatdı və tutduğum vəzifəylə vidalaşdım. Bu görüşün baş tutması, məni dinlədiyinə görə Elxan müəllimə təşəkkürümü bildirirəm. Baş katib U-21 yığmasına başçılıq etdiyim dövrlə bağlı şifahi hesabatımı dinlədi. 

- Dünənki müsahibənizdə işinizə kənardan müdaxilələr edildiyini bildirmisiniz. Yəqin ki, baş katibə bu barədə də məlumat verdiniz...

- Verdiyim müsahibə bir qədər düzgün anlaşılmaya da bilər. Bəzi insanlar elə düşündü ki, mənə hansısa bir futbolçunu AFFA-nın rəhbər şəxsləri, o cümlədən Elxan Məmmədov tövsiyə edib. Bugünkü görüşədək baş katiblə cəmi bir dəfə söhbətim olub, o da U-21 yığmasına 3 oyunluq təyinatımla bağlı. Milliyə dəvət olunacaq futbolçuların siyahısını da özüm tərtib etmişəm. Təəssüf ki, 3 oyunla bağlı verilən tapşırıqları yerinə yetirə bilmədim. 

- Qarşınıza konkret hansı vəzifə qoyulmuşdu?

- Məqsəd Almaniya ilə hər 2 matçda məzmunlu oyun göstərib, layiqli nəticə əldə etmək, Kosovo yığmasına isə qalib gəlmək idi.

- Yenə də tapşırıqla yığmaya futbolçu cəlb olunmasını istəyən adamlara qayıdaq...

- Məsələ burasındadı ki, ad çəkməsəm, şübhələr bu işə qol qoymayan insanların da üzərinə yönələ bilər. Üstəlik, kənardan belə görünə bilər ki, Samir Ələkbərov bu sözləri özündən uydurub. Məhz buna görə də baş katibə də adları açıqladım, sizə də deyirəm. Özü də adamı yandıran odur ki, özümə yaxın bildiyim futbol adamları bu işə qol qoymuşdular. Söhbət İsgəndər Cavadov, Oqtay Abdullayev və Novruz Əzimovdan gedir. 

- Maraqlıdı, söhbət konkret hansı futbolçudan gedirdi?

- Valeh Seyidov adlı (Portuqaliyanın 3-cü liqasında çıxış edən “Louletano”nun hücumçusu, “Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidovun oğlu – müəl. ) 21 yaşlı futbolçu var. U-20 yığmasının toplanışlarından birinə onu dəvət etmişdim və səviyyəsinə bələd idim. İsrarla Valehi heç olmasa baxışa dəvət etməyimi istəyirdilər. Lakin rəsmi oyuna kimisə baxışa dəvət etməzlər. Mən də bu təkidlərə baxmayaraq elə səviyyədə futbolçuları cəlb etməyəcəyimi bildirdim. O, bizə kömək edə biləcək oyunçu deyil. Hətta ümumi tanışlar vasitəsilə də Seyidovun heyətə cəlb edilməsi üçün səy göstərdilər. Nəyə görə məhz bu futbolçunu  yığmaya gətizdirmək istədikləri mənim üçün qaranlıq qalırdı. Eyni adamla bağlı müxtəlif insanların inadkarlıq göstərməsi istər-istəməz məni çox əsəbiləşdirirdi. Özü də Seyidovu məndən əvvəl işləyən məşqçilər də tanısalar da, yığmaya cəlb etməyiblər. Yəni burada mənim hansısa kaprizimdən söhbət getmir. 

- Yalnız Valeh Seyidov təklif olunurdu?

- Futbol sahəsində çalışmayan, bu idman növünü dərindən bilməyən müxtəlif insanlar da öz fikirlərini bildirir, kimlərisə tövsiyə edirdilər, hansısa valideynlərdə də nömrəmi tapıb övladlarını məsləhət görürdülər. Ancaq sırf futbol adamlarına gəlincə, adlarını çəkdiyim hər 3 nəfər eyni – Valeh Seyidovu nişan verirdilər. Ancaq mən onların sözünə qulaq asmadım, öz seçimimi etdim.

- Bəs, köməkçiləriniz olmuş Aslan Kərimov və Cahangir Həsənzadəylə bağlı söhbətiniz oldumu?

- Xeyr. Dialoqumuz çox uzun sürmədi. Yalnız onu deyə bilərəm ki, Elxan müəllim Aslan Kərimovla görüşəcəyini  bildirdi. 

- U-21 epopeyanız başa çatdı. Samir Ələkbərobun yaxın gələcəyi necə olacaq?

- Futboldan heç yana getmirəm. Əvvəlki iş yerim olan “Mançester Yunayted” futbol məktəbinə qayıdıram. Əsas odur ki, sevimli peşəmdən uzaqlaşmıram.