“Samiraldonun niyə belə olduğunu təsvir etmək istədim”

samiraldonun-niye-bele-oldugunu-tesvir-etmek-istedim
Oxunma sayı: 2415




“Qafqazinfo” Əhməd Şahidovun romanı barəsindəki təəssüratlarını təqdim edir:

““Samir” romanı mənim sayca beşinci kitabım və ikinci romanımdır. Bundan öncə “Sevdiyim qadın” romanı ilə cəmiyyətə bir sıra ciddi mesajlar verə bilmişdim. Kifayət qədər tənqid olundum, hətta təhqirə əl atan insanlar da tapıldı. Bu, məni qətiyyən üzmür, çünki fikirləşirəm ki, mənim haqqımda danışırlarsa, mənim yazdıqlarım geniş əks-səda yarada bilirsə, deməli bir yazar kimi mən varam. Digər tərəfdən, cəmiyyətdə danışılmayan, daha doğrusu danışılması qorxu və şübhə doğuran məqamlardan danışmağı üstün tuturam. İstəyirəm ki, cəmiyyət qorxduğu və çəkindiyi şeylərin əsl mahiyyətini bilsin və sonra fikir yürütsün. Ona görə də, “Samir” romanını ərsəyə gətirdim və əsərin qəhrəmanı olaraq, hamımızın yaxşı tanıdığı, lakin bir o qədər də tanımadığımız stilist Samiraldo haqqında yazmaq qərarına gəldim. Onun cəmiyyətdə ən çox tənqid olunan şəxs olduğunu bildiyimdən, niyə məhz bu cür olduğunu və insanların niyə onu tənqid etdiyini bədii obrazlarla təsvir etmək qərarına gəldim.

“Samir” romanı bir insanın həyatından bəhs edir. Doğulduqdan 20 gün sonra valideynləri tərəfindən tərk edilən və dövlətin himayəsinə verilən, daha sonra ordan bura, burdan da ora atılan bir kimsəsiz körpənin keçdiyi uşaqlıq illəri, onun min bir ağrı-acı ilə yaşadığı yeniyetməlik dövrü, həmyaşıdlarının ona münasibəti, nəhayət müstəqil həyata ilk gəlişi və vəhşi təbiətli insanların bu kimsəsizə vəhşi münasibəti romanın əsas ana xəttidir. Samiraldo bütün bunlara baxmayaraq, ayaqda durmağı bacarır və bir fərd olaraq, təkbaşına cəmiyyətlə mübarizə apararaq, məhv olmaqdan qurtulur. Bu gün bir çoxlarının əldə edə bilmədiyini öz zəhməti ilə qazanan roman qəhrəmanını qalib kimi qələmə verməkdə çətinlik çəksək də, onun cəmiyyət qarşısında məğlubiyyəti məğrur bir məğlubiyyətdir. Cəmiyyət sonunda istədiyinə nail olur, özünün də səbəbkar olduğu bir insanı fiziki məhv edə bilməsə də, mənən onu sıradan çıxara bilir. Bu roman bir insanın cəmiyyətlə mübarizəsindən bəhs edir.

“Samir” romanında müəllif olaraq, qəhrəmanımı tam dəstəkləməsəm də, əzilənin yanında olmağa üstünlük verirəm. Bu baxımdan cəmiyyəti tənqid atəşinə tutmuşam. Çünki, bizim bugünkü cəmiyyətimiz nəticələrlə mübarizə aparır, məsələnin kökünü araşdırmaq, insanların bu hala gəlməsinin əsl səbəblərini müəyyən etmək əvəzinə, kimisə qarşısına qoyub, asıb kəsirlər. İnsanlar anlamırlar ki, Samiraldo kimi şəxslərin bu vəziyyətə düşməsinin elə əsas səbəbkarı bizlərik, yəni hər gün onu tənqid edən və yeri gələndə dişimizin dibindən çıxanı ona deyən cəmiyyət. Onun başına gətirilənlərin bəlkə də bir faizi kimsəyə edilsəydi, çoxdan məhv olub getmişdi”.