Samsung Electronics Galaxy S II smartfonunu təqdim edib

samsung-electronics-galaxy-s-ii-smartfonunu-teqdim-edib
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, Grand Hotel Europe mehmanxanasında təşkil olunan təqdimatda Samsung Electronics şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Cey Hi Çan Samsung Electronics şirkətinin dünyanın ən yüksək iqtisadi artım göstəricilərindən birinə malik Azərbaycanda qazandığı uğurlardan danışıb. O qeyd edib ki, iqtisadi artım ölkədə yüksək texnoloji məhsullara olan tələbata müsbət təsir göstərir və bununla əlaqədar olaraq Samsung Electronics şirkəti Azərbaycanda ən qabaqcıl məhsulların təqdim olunmasına xüsusi diqqət yetirir. İKT-sahəli məhsul, xidmət və həllərə olan tələbat Azərbaycanda iqtisadiyyatın sabitliyini nümayiş etdirir.

Samsung Electronics şirkətinin MDB ofisinin mobil telefonların marketinqi bölməsinin rəhbəri İlya Fedotov dünya bazarlarında Samsung mobil qurğuların payının artmasını qeyd edib. Onun sözlərinə görə, hazırda Samsung mobil telefonları və smartfonları öz texnoloji tərkibinə görə digər istehsalçıların əksər analoqlarını üstələyir. Təqdim olunmuş Galaxy S II smartfonunu biznes və əyləncə üçün nəzərdə tutulmuş güclü alətlərə malik müasir smartfonun təcəssümüdür.

Galaxy S II smartfonu (GT-I9100 modeli) çox güclü ikinüvəli Samsung Exynos 1.2Ghz prosessoru ilə təchiz edilmiş və Android 2.3 (Gingerbread) platformasında çalışır. İncə (qalınlığı 8.49 mm) və yüngül (116 q) Samsung Galaxy S II video və fotoları 4.27-düymlü geniş parlaq Super AMOLED Plus displeyində izləməyə imkan verir.

Tədbirdə həmçinin Android 3.0 (Honeycomb) platforması və TouchWiz istifadəçi interfeysi üzərində çalışan dünyanın ən nazik yeni Galaxy Tab 10.1 planşet kompüteri təqdim olunub.

Nigar Məmmədli