“Samur” postunda şirkət nümayəndələriylə görüş keçirilib

samur-postunda-sirket-numayendeleriyle-gorus-kecirilib
Oxunma sayı: 973

Fevralın 14-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində xarici ticarət üzrə aparılan islahatlarla bağlı şirkət nümayəndələri məlumatlandırılıb.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi rəisinin birinci müavini Rauf Məmmədov xarici ticarətin asanlaşdırılması sahəsində həyata keçirilən islahatlardan, beynəlxalq reytinq cədvəllərində Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılması məqsədilə görülən işlərdən danışıb.

DGK Gömrük Sərhəd Keçid Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin müavini Mübariz Mustafayev isə sərhəd-keçid məntəqələrində ticarətin və sərhədkeçmə proseslərinin sadələşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.

Daha sonra DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi Ticarətin asanlaşdırılması idarəsinin rəisi Ceyhun Nəcəfli “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı təqdimatla çıxış edib. 

Görüşdə qısa idxal bəyannaməsinin doldurulması, sistemə daxil edilməsilə bağlı videoçarx da nümayiş etdirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Sonda şirkət nümayəndələri “Samur” gömrük postunda “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə əyani şəkildə tanış olublar.