“Sarı gəlin” beynəlxalq festivalda səsləndi - Fotolar

sari-gelin-beynelxalq-festivalda-seslendi
Oxunma sayı: 1697

Astanada müasir etnik musiqi və rəqs festivalı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə Astana şəhərinin 20 illik yubileyi çərçivəsində təşkil olunan festivala Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Hindistan, Gürcüstan, Latviya, Kanada, ABŞ, Rusiya və İrlandiyadan rəqs qrupları və ifaçılar, dünyanın tanınmış DJ-ləri qatılıblar.
Azərbaycanı bu festivalda Əməkdar Artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu təmsil edib.

Festival Azərbaycan zərb musiqisinə böyük töhfə verən və bu sənətdə yeni tendensiyalar, yeni musiqi standartları yaradan “Natiq” ritm qrupunun ifaları ilə başlayıb. Natiq Şirinov Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i müasir improvizədə ifa edib.

Festivalda musiqiçilər etnik motivlər və qarışıq rəqs kompozisiya elementləri ilə müasir elektron musiqinin unikal sintezini təqdim ediblər. Gürcü rəqsi qazax, qazax rəqsi Hindistan, irland stepi isə Özbəkistan motivləri altında ifa olunub.

Festivalın təşkilatçısı olan “The Spirit of Tengri” müasir etnik musiqi janrında dünyanın ən böyük layihələrindən biri sayılır.