“Sarkisyan Azərbaycana qarşı təxribata əl ata bilər”

sarkisyan-azerbaycana-qarsi-texribata-el-ata-biler-
Oxunma sayı: 638

Elxan Şahinoğlu buna baxmayaraq, Ermənistanın müstəqillik tarixində bu seçkinin hakim namizəd üçün rahat keçən ikinci seçkini xatırlamadığını vurğulayıb: “1996-cı il prezident seçkisində Levon Ter-Petrosyanla keçmiş nazir Vazgen Manukyanla faktiki başa-baş mübarizə aparmış, birinci cüzi səs çoxluğu ilə qələbə qazanmışdı. Ancaq elə o zaman yüzminlərlə insan küçələrə axışaraq saxtakarlıq hallarına qarşı etiraz etmişdilər. Robert Köçəryan üçün də prezident seçkiləri rahat keçməmişdi. Köçəryan ötən seçkidə postunu Sarkisyana təhvil verdikdə isə Ermənistanda qan tökülmüşdü. Bu dəfə isə Sarkisyan elə birinci turda əngəlləri aşdı. Doğrudur, Raffi Ovanisyan özünü qalib elan edib və nəticələri tanımadığını açıqlayaraq tərəfdarlarını mitinqə çağırıb. Ancaq bu narazılığın geniş miqyas alacağını, Misir və Tunisdəkinə bənzər olayların baş verəcəyini də gözləmirəm. Sarkisyan ötən dəfə Levon Ter-Petrosyanla başa-baş mübarizədə 10 vətəndaşının qanı hesabına yüksək kürsüyə yiyləndisə, bu dəfə daha zəif Ovanisyanın tərəfdarlarından da çəkinməz.

Sadəcə bu dəfə Levon Ter-Petrosyanın seçkiyə niyə qatılmadığını anlamadım, çünki, o və Raffi Ovanisyan hər ikisi Qərbyönümlü siyasətçi kimi tanınır və hər ikisi qüvvələrini birləşdirsəydi, Sarkisyanın birinci turda qəbələsini mümkünsüz edər, şanslarını ikinci tura keçirərdilər. Məncə, bu seçki Levon Ter-Petrosyanın son şansı idi, 2018-ci il seçkilərinə qatılmağa onun yaşı və səhhəti imkan verməyə də bilər. Raffi Ovanisyanın qarşısında isə iki perspektiv var. Sarkisyan 5 il sonra üçüncü dəfə namizədliyini irəli sürə bilməyəcəyindən Ovanisyan ya gələnilki seçkilərə qədər tərəfdarlarının sayını artırmağa çalışmalı, ya da tədricən kölgəyə çəkilərək yerini bir başqasına vermək məcburiyyətində qalacaq. Ermənistanda indiki bölgü faktiki ruspərəstlərlə qərbpərəstlər arasındadır. Əgər Sarkisyanın 58 faizi Ermənistanın gələcəyini Rusiya ilə bağlayanlardısa, 38 faiz Qərblə əməkdaşlığa üstünlük verənlərdir. Gələcəkdə 38 faizin 58 faizi üstələməsi üçün ABŞ və Avropa Birliyi strukturlarının da Ermənistanda mövqelərini gücləndirməsi gərəkəcək”.

Bölgənin gələcəyi və Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Sarkisyanın növbəti 5 illik prezidentliyindən müsbət heç nə gözləmədiyini deyən Elxan Şahinoğlu əksinə vəziyyətin bir az daha mürəkkəbləşəcəyini proqnozlaşdırır: “Sarkisyan seçkiyə qədər sabitlikdə maraqlı idi. İndi isə o istənilən avanturaya baş vura bilər. Sarkisyan son bir ildə Rusiyadan tam asılı vəziyyətə düşüb. Hətta Putinin dostu olan Köçəryan belə prezident olduğu illərdə Kremldən indiki qədər asılı deyildi. Sarkisyan isə yenidən kürsüyə yiyələnmək və buna görə Kremlin xeyir-duasını almaq məqsədilə Rusiya hakimiyyətinin bütün şərtlərinə razılıq verib. Sarkisyan Putinin Avrasiya Birliyinə də qeyd-şərtsiz qoşulmağa razılaşıb, hərbi əməkdaşlığı da genişləndirib. Odur ki, yaxın aylarda artıq yerini möhkəmləndirən Sarkisyandan Kremlin təlimatları əsasında Azərbaycana qarşı təxribatların miqyasını genişləndirəcəyini düşünürəm. Xocalı hava limanı hazırdır, bircə qalıb ki, ora təyyarə ensin. Bu qərarı da Sarkisyan daha nə qədər uzada bilər ki? Əks halda Sarkisyanın Azərbaycanın hədəsindən çəkindiyi görüntüsü güclənəcək. Sarkisyan Kremldən siqnal gözləyir və bu siqnal gələn kimi təyyarə havaya qalxacaq. Bu isə bölgədə ümumi vəziyyətin gərginləşməsi, o cümlədən müharibə ehtimalının artması deməkdir”.