Sarkisyanın sifətindən zəhrimar yağır

sarkisyanin-sifetinden-zehrimar-yagir
Oxunma sayı: 2733

Seymur Verdizadə

Erməni hərbçilərinin cəbhə bölgəsində törətdikləri təxribat bu dəfə cavabsız qalmadı. Aprelin 2-dən bəri Azərbaycan Ordusu düşmənə layiq olduğu cavabı verir. On beş şəhidimizin qanı bahasına bir kənd və bir neçə strateji yüksəklik işğaldan azad olunub. Bu qələbə işğal altında olan Azərbaycan torpaqlarının tezliklə azad ediləcəyinə inamı artırır. Düşmənin dabanına tüpürüb qaçacağı gün uzaqda deyil.

Cəbhə bölgəsində üzləşdikləri məğlubiyyət düşmən öıkədə çaşqınlıq yaradıb. Serj Sarkisyanın sifətindən zəhrimar yağır. Qayınanası öləndə adam bu qədər pəjmürdə olmamışdı. Ermənistan rəsmiləri itkilərin sayını nə qədər azaltsalar da, faciənin miqyası bu ölkədə hər kəsə bəllidir. Əmin ola bilərsiniz ki, Ermənistanı tezliklə etiraz dalğası bürüyəcək. Əsgər analarının dünən Ermənistanın Müdafiə Nazirliyinin qarşıısnda keçirdikləri etiraz aksiyası bu ehtimalı daha da qüvvətləndirir.

Azərbaycan Ordusunun aprelin 2-də düşmən üzərində çaldığı qələbə təkcə erməniləri deyil, həm də onların havadarlarını məyus edib. Söhbət təkcə ABŞ və Avropadakı muzdlu siyasətçilərdən getmir. Hətta Azərbaycana münasibətdə həmişə ikili standartlardan çıxış edən bəzi xarici QHT-ləri də başa düşmək olar. Təəssüf doğuran məqam dünya siyasətinə yön verməyə çalışan böyük dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların təcavüzkarla təcavüzə məruz qalan ölkə arasında bərabərlik işarəsi qoymağa çalışmasıdır. Məsələn, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Munun bəyanatında deyilir: “Baş katib münaqişə tərəflərini hərbi əməliyyatlara dərhal son qoymağa, atəşkəs haqqında sazişə tam şəkildə əməl etməyə və gərginliyin azaldılması üçün addımlar atmağa çağırır. Pan Gi Mun mülki əhali arasında çoxsaylı itkilər barədə məlumatlardan narahatdır”.

Təəssüf ki, Pan Gi Mundan sonra ABŞ dövlət katibi Con Kerri də oxşar mövqe sərgilədi. Kerrinin bəyanatında deyilir: “ABŞ dinc əhali arasında ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir”.

Ortaya sual çıxır: görəsən, hörmətli Pan Gi Mun və cənab Kerri qoşunların təmas xəttində atəşkəs rejimini məhz Ermənistanın pozduğunu bilmirlər? Ermənistan Dağlıq Qarabağın ətrafındakı rayonları bufer zonaya çevirdiyi üçün qarşı tərəfdən dinc əhalinin zərər görməsi mümkün deyil. Cəbhə bölgəsində zərər çəkən dinc əhali azərbaycanlılardır və bunu inkar etmək üçün insan gərək vicdanının ağzına daş bassın. Üstəlik, Dağlıq Qarabağı və işğal altında olan rayonları azad etmək Azərbaycan xalqının konstitusion hüququdur. Bu hüququ BMT hələ 20 il əvvəl tanıyıb. Biz azərbaycanlılar BMT-nin işğal edilmiş ərazilərin boşaldılması ilə bağlı məlum qətnamələrini yüksək qiymətləndiririk. Amma bu qətnamələrin indiyə kimi yerinə yetirilməməsi bizi narahat edir. BMT Azərbaycan siyasətində tez-tez qarşılaşdığımız sədr və möhürdən ibarət olan “cırtdan” təşkilat deyil ki, qəbul etdiyi qərarlar kağız üzərində qalsın. BMT rəsmiləri özlərinə bir qədər əziyyət verib, Ermənistanın işğalçı siyasətini pisləyən bu qətnamələrin icra mexanizmini tapmalıdırlar. Məsələn, Ermənistanın bu qurumdakı fəaliyyəti müvəqqəti dondurula bilər. Başqa təsir mexanizmləri də vardır ki, hörmətli Pan Gi Mun istəsə, onları işlək vəziyyətə gətirə bilər.

P.S. Laçınlı Məmməd əminin, kəlbəcərli Hüseyn dayının min bir əziyyətlə tikdiyi evlərdə bu gün Levon, Karapet yaşayır. Əgər hörmətli Pan Gi Min bunun nə demək olduğunu bilmirsə, evini beş-on günlüyə erməni dığalarına bağışlasın. Bəlkə bizim illərdən bəri hansı iztirablar çəkdiyimizi bundan sonra başa düşər...