“Saşa Stamenkoviçin mədəniyyətində problem var”

sasa-stamenkovicin-medeniyyetinde-problem-var-
Oxunma sayı: 635

“Qafqazinfo”nun Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Serbiya mətbuatına açıqlamasında “Partizan”ın idman direktoru Lyubişa Tumbakoviç deyib. O, “Partizan”-“Neftçi” qarşılaşmasında yaşanan xoşagəlməz olaylara münasibət bildirərkən, “Neftçi”nin ünvanına çox kəskin ittihamlar səsləndirib.

Direktor, ilk olaraq, Saşa Stamenkoviçlə bağlı yaşanan qalmaqalda “Neftçi”nin qapıçısını günahlandırıb: “Oyundan sonra yaşananlara görə tək günahkar Stamenkoviç özüdür. Əslində matçdan öncə mətbuatı izləyərkən bu cür sonluğun olacağını təxmin etmişdik. Stamenkoviç oyun boyu sanki bizim futbolçuları, azarkeşləri qıcıqlandırır, öz hərəkətləri ilə onları özündən çıxarmağa çalışırdı. Görünür, bu da onun mədəniyyətində problemin olması ilə bağlıdır”.

Klub rəsmisi tribunalardan asılan böyük pankartla bağlı da fikrini açıqlayıb: “Düşünürəm ki, burada banan başqa mənada işlənib. İnanmıram ki, bizim azarkeşlər kiməsə qarşı irqçi şüarlar səsləndirsinlər, plakatlar assınlar. Mən burada təhqiredici bir məqam görmürəm”.

Tumbakoviçi ən çox özündən çıxardan isə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin oyun sonrası mətbuat konfransında “Partizan” haqqında dediyi fikirlər olub. Serbiyalının buna cavabı sərt olub: “O, yaşlı adamdı, görünür, hara gəldiyini tamam unudub. Belqaradda kiməsə qarşı hörmətsizlik etmək mümkün deyil bu, reallıqdan çox uzaqdı. İndiyə qədər Belqrada kifayət qədər tanınmış Avropa klubu gəlib və onların heç biri burdan narazı getməyib. Heç bir oyunda da qalmaqal, ixtişaş yaşanmayıb. Artıq söhbətlər gəzməyə başlayır ki, guya Bakıda da bizə qarşı pis münasibət olacaq. Şəxsən mən Bakıdakı qarşılanmadan və mümkün “qonaqpərvərlik”dən qorxmuram”.

Tənqidi fikirlərinə baxmayaraq, sonda idman direktoru “Neftçi”nin nizam-intizamlı oynadığını da etiraf edib: “Oyunumuz həqiqətən istədiyimiz kimi alınmadı. Ona görə qol vura bilmədik. Bizdə sadəcə, yüksək konsentrasiya çatmadı ki, qol vuraq. Etiraf edim ki, “Neftçi” müdafiədə çox məsuliyyətli və diqqətli oynadı”.