Satdığı meyvəni dadmayan uşaq

satdigi-meyveni-dadmayan-usaq
Oxunma sayı: 1857

Raminə Eyvazqızı

Bir neçə ilə əvvəl qonşuluqda rayondan köçüb gəlmiş uşaq vardı. Dörd yaşlı uşağı “şirinlik”lə bağçaya düzəltdilər. Uşaq bağçada hər meyvə şəkli göstəriləndə, soruşulanda ona armud deyirmiş, əvvəl müəllimə elə bilib armudu sevir. Sonra məlum olub ki, rayonda armud bağları olan uşağa daha çox armud yedirdirlərmiş.

İndi alça, gilasın, çiyələyin mövsümüdür. Amma hər ailənin uşağının ürəyi istədiyi qədər yeyəcəyi yoxdur. Hər yerdə satılmasaydı, deyərdik qıtlıqdı, bahalıq da ondandır. Uşağın meyvəyə nəfsini, mədəsini lənətəgəlmiş monopoliyaya qurban veririk. Valideyn var ki, aldığı gilasdan evin qapısına çatana qədər ağzına atır ki, evdə uşaqların əlindən dada bilməyəcək. Və gilas da yarım, bir kilo ilə doyulacaq deyil axı.

Gözütoxluq yaxşı xüsusiyyətdir, amma yerində. Binamızın bitəcəyində bir dükan var. Ailə işlədir. Hər gün də olmasa, ora tez-tez yolumuz düşür. Keçən dəfə mağazanın piştaxtasının üstündə yetişmiş bananlar vardı. Ailənin dərsdən çıxmış uşağı (11 yaşlı) da orda idi. Uşaq əlini atıb bananı götürmək istəyəndə anası bağırdı ki, “əl vurma satılıqdı”. Uşağın baxışlarını dramatikləşdirmək istəməzdim, amma təsirli idi. Həmin uşaq ara-sıra mağazada ata, anası yerinə satıcılıq da edir. Necə oldusa, növbəti gün yenə mağazaya işim düşdü. Həmin bananlar artıq qaralmişdı, satılıq da deyildi. Uşağınsa, banan iştəhası çoxdan ölmüşdü. Ürəyimdə bilmədim ticarət qanunlarını söyüm, yoxsa balasına bananı qıymayan ailəni.

***

Biz beynəlxalq olmaq üçün hər il “1 iyun”u qeyd edirik. Tək bir gündə uşağı nə qədər sevindirmək, ürəyini açmaq olar ki? Oturub fikirləşəndə, uşaqlarımız üçün daha çox nə edəcəyimizi planlayırıq və hər kəs də təbii olaraq övladını gələcəkdə yuxarı yerlərdə, sağlam, ehtiyacsız görmək istəyir. Çoxumuz da elə bilirik ki, uşaq səhərlər “sabahınız xeyir”, yatanda “gecəniz geyirə qalsın” deyirsə, ondan yoxdur. Çox vaxt uşaqlara “xəstələnərsən” deyəndə sağlamlığın qiymətini, “yalan danışma” tənəsini edəndə “dürüstlüyun” vacibliyini düz-əməlli anlatmırıq. Bəzilərimiz uşaqları rəsm albomuna döndərmişik, onların istədiyimiz kimi şəklini çəkirik, arada pozub yenidən çəkirik, rəngləyirik. Hərdən sözün əsl mənasında tərbiyəsini pozuruq.

Axı uşaqları böyütmək gündə üç dəfə yedirtməkdən ibarət deyil. Misal üçün, götürək, uşaq bağçası məsələsini. Əgər bu gün ölkədə uşaq bağçasına gedə bilməyən yüzlərlə uşaq nənə, baba, ana, atanın gileyi, yaşı çatmayan söhbətləri içində itib batırsa, hansı gələcəklə təsəlli tapırırıq? Yəni biz, düşmən qədər də olmadıq ki, onlar bizim halalca torpaqlarımızda tez-tez uşaq bağçalarının açılışını edirlər. Misal üçün, elə ötən gün “Hayastan” ümumerməni fondu (Kanadadır) maddi dəstəyi ilə Xocalıda uşaq bağçası hədiyyə edib. Həm də Xocalıda...

Ölkədə “1 iyun”u qeyd etmək, sponsorların pulunu yeyib, uşaqları şeir deməyə, rəqs etməyə sövq etməkdir. Misal üçün, bir sinəsinə döyən işgüzarın layiqli pulsuz meyvə süfrələrini, dondurma qonaqlıqlarını görmədik ki, vitamin görməyən uşaqların gözü doysun. Xəstə uşaqlardan birini, bir neçəsini qanadı altına alıb sağaldan pullu kişiləri də görmədik...

Görmədik..