Satmağa yer qalıbmı?

satmaga-yer-qalibmi
Oxunma sayı: 3366

Raminə Eyvazqızı

İnternet  tv-lərdən birində  videoya baxdım. Yaşlı sənətkarın gözünün dolduğunu izlədim. “Kişilər ağlamaz” adlı deyimlə kişiləri xəstəliyə salan cəmiyyətin ağrısını çəkirdi bu adam . Qazaxda yaşayan peşəkar rəssam -heykəltaraş  iri əsərlər yaratmaq əvəzinə, kiçik suvenirlər hazırlayıb satmaqla yaşamağa çalışır. Adam əsəbdən alışıb yanır.  Azərbaycanın görkəmli heykəltaraşı  Cəlal Qaryağdının tələbəsi  Ramiz İsmi –Qaya qəhərdən boğula-boğula danışır və deyir ki, nə qədər müddətdir, emalatxanamın işığını kəsiblər.

İncəsənət adamına vurulan ən ağır zərbə onun iş səhnəsini əlindən almaqdır. Bunu da artıq ediblər.  Məqsəd də təxmin etdiyiniz kimi. Yenə kiminsə gözü həmin məkana düşüb. Süni maneələr yaradaraq adamı oradan çıxartmağa çalışırlar. Adamın emalatxanasını kor qoyanlar bir gün zəlil olacaqlarına niyə inanmırlar görəsən?

Ölkənin sinəsinə dağ çəkənlərdən bir qrupu da rəssamların, aktyorların yerini alıb onları küncə sıxışdırmaqla məşğuldur. Hərdən şəhərin mərkəzindəki illər əvvəlki rəssamlar bazarını xatırlayıram. O bazar neçə sənətkarın həm çörək, həm də sənət qaynağı idi. Bildiyim odur ki, həmin rəssamların bir neçəsi artıq həyatda yoxdur. İçləri yaltaqlıqdan, səmimiyyətsizlikdən qübar bağlayanların, sənətdən anlamazların əlində bezar olmuşuq. Sənət qənimləri  yaradıcılıq, sənətkar nədir bilməzlər. Və ən tez qırılan, küsən insanlar incəsənət insanlarıdır, onların indi də göz yaşını axıdırıqsa, bizdən cəmiyyət olmaz. 

Heç olmazsa ay insafsızlar, izin verin, incəsənət adamları, əsil sənətkarlar yaratdıqları gözəlliklərlə adımıza xoş söz dedirtsinlər, bizi tanıtsınlar da. İstedadlı insanların kökünü kəsmək, onların ürəyini partlatmaqda məqsədiniz nədir axı???

İndi hansı rayona gedirsən sata-satdır. Baxırsan gözəl ərazidir, nə isə tikəni var, nə də baxanı. Di gəl yaxınlaşıb maraqlanırsan, deyirlər oranın yiyəsi var. Yiyələrin də gözü doymur.

Rayon icra başçılarınn, bələdiyyələrin alveri  şıdırğı gedir. Mərtəbəsi bəlli olmayan villalar tikilib, illərdir yaşayışı yoxdur. Hansısa acgöz alıb, ev kolleksiyasını  genişləndirmək üçün. 

Bu yaxında Masallıda Qəriblər kəndində uşaqlar üçün nəzərdə tutulmuş stadionun ərazisinin rayon bələdiyyəsi tərəfindən satıldığı xəbəri yayıldı. Xəbər çıxdığı kimi də, yaddan çıxdı. Çünki bələdiyyə sədrinin gətirdiyi saxta əsaslar, faklarla heç kəs başını ağrıtmaq istəmədi. Axı o yenə də nə olur olsun, haqlı olacaqdı.

Yaşadığmız ərazidə də Şəhidin adını daşıyan park sökülüb göydələnlə əvəzləndi. Bir vaxtlar söküntüyə  etiraz edən şəhidin atası da öldüyündən, camaat səsini ucadan çıxara bilmədi. Ona görə ki, rəsmi orqanlara şikayətlər yazılıb oradan cavab alınana qədər artıq həmin göydələnin yarısı tikilmişdi.

İndi də maraqlı bir variant tapılıb. Onu tapanlar üçün bir evrika, bizim üçünsə bu davranış əxlaqsızlıqdan, şərəfsizlikdən başqa bir şey deyil. Göydələn və ya yaşayış üçün tikiləcək binada guya bir neçə şəhid  ailəsi üçün ev hədiyyə veriləcək. Bina tikilib bitəndən sonra şəhid ailəsi söhbəti də bitmiş olur.

Ölkə rəhbərinin sonuncu müşavirəsində də, torpaqların özbaşına satılması məsələsi vurğulanmışdı. Camaatın avtobus dayanacağı yerini  belə satanlar ifşa olunmuşdu. Amma bu alverin hər yerdə davam etdiyini yaxşı bilirik. 

Camaatın park kimi oturduğu yerləri abadlaşdırmaq adı ilə yox edən, hər kvadrat metri ticarət obyektinə çevirənlərin mənəviyyatı çoxdan satılıb. Türkiyə türkcəsində bir yaxşı kəlmə var, “yolsuzluq”. Bir kəlmə ilə ifadə.  Hər şeyini itirib, səriştəsindən sui istifadə edən, gözü puldan başqa bir şey görməyənlər.  Onlar üçün insan, vətəndaş amili deyilən bir məsələ yoxdur. 

Hamısının da uşağı, ailəsinin üzvü, üzvləri xəstədir, inanırsız. İnsanların ahlarını ala-ala, haram pul qazana-qazana öz başlarını da yeyəcəklər bir gün. Bunun sadəcə fərqində deyillər. Necə də bədbəxtdirlər!