Saxta endirimlərlə necə mübarizə aparmaq olar?

saxta-endirimlerle-nece-mubarize-aparmaq-olar
Oxunma sayı: 729

Mövsümi dəyişikliklərlə bağlı Bakının müxtəlif mağazaları, ticarət obyektlərinin vitrinlərində yüksək faizli endirimlərin tətbiq olunduğuna dair yazılara rast gəl bilərik. Bəzən guya 50-60 və hətta 70-80 faiz civarında endirimlərin edildiyinə belə rast gəlmək mümkündür. Amma bu endirimlər nə dərəcə də realdır?

“Qafqazinfo” Milli. Az-a istinadən xəbər verir ki, məsələ ilə əlaqədar İstehlakçıların Maarifləndirilməsi və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, istehlaçıların hüquqları üzrə ekspert Azər Sərdarov bildirib ki, saxta endirimlər istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə ziddir. Onun sözlərinə görə, saxta endirimlər qiymətlərin süni artırılması kateqoriyasına aiddir, çünki bu halda istehlakçılar aldadılır:

"Ona görə də bütün ticarət obyektləri endirim və ya reklam elan edən zaman endirimin hansı mallara şamil olunduğunu dəqiq göstərməlidirlər. Eyni zamanda, qiymətlərin monitorinqi aparılmalıdır. Məhsulların real qiymətləri müəyyənləşdirilməlidir. İndi mağazalar ən yüksək endirimi elan edirlər, əslində isə bu qanuna ziddir. Çünki qanunvericilik imkan vermir ki, onlar ən yüksək endirimi reklam kimi istifadə etsin. Bu, süni şəkildə istehlakçıları cəlb etmək və onları aldatmaq deməkdir".

A.Sərdarovun fikrincə, problemdən çıxış yolu kimi belə hallara qarşı qanunvericilikdə dəyişiklik edilməli və ya yeni qanun qəbul edilməlidir: "Həmin qanun çərçivəsində saxta endirim hallarına qarşı mübarizə aparılmalıdır. İqtisadiyyat Nazirliyi xüsusilə iri ticarət obyektlərində qiymətlərin monitorinqini aparmalı, endirimin nə dərəcədə real olduğunu müəyyənləşdirməlidir".

Ekspert əlavə edib ki, satılan məhsulun qəbz və qaiməsinin üzərində sonuncu qiymətlə yanaşı, əvvəlki qiymətin əks olunmasına da ehtiyac var ki, endirimlərin real nə qədər olduğunu görmək mümkün olsun.