Saxta pul hazırlayanlar tutuldu - Kriminal xəbərlər

saxta-pul-hazirlayanlar-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 677

Bakı şəhər BPİ NMİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyevdən 1 qramdan artıq narkotik vasitə olan heroin və üzərinə baxış keçirilərkən 5 manatlıq saxta əskinas aşkar edilib. Əməliyyat tədbirləri nəticəsində onun həmin əskinası Nazir Süleymanov adlı şəxsdən əldə etdiyi müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində N.Süleymanov da tutulmuş və ondan 8 ədəd saxta 5 manatlıq əskinas aşkar edilib. N.Süleymanov isə həmin əskinasları Binəqədi qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş Seymur Yusifovdan əldə etdiyini bildirib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində S.Yusifov yaxalanmış və onun yaşadığı evdən 2 ədəd saxta 20 manatlıq əskinas və saxta əskinasların hazırlanmasında istifadə etdiyi printer, skaner, kserokopiya aparatı, xətkeş, kəsici alət və kağızlar aşkar edilib.

***

Səbail RPİ 8-ci və 39-cu PB-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Quliyevdən kustar üsulla hazırlanmış «Naqan» tipli tapança aşkar edilərək götürülüb.

***

Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İradə Cəfərova sentyabrın 28-də yaxalanmışdır.

***

İyunun 24-nə keçən gecə M.Əliyev küçəsində yaşayan Sərxan Qasımova məxsus «VAZ-2106» markalı avtomobil qaçırılmışdır. Aparılan axtarışlar zamanı qaçırılmış avtomobil Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən iyunun 26-da Nobel prospektində dövlət nömrə nişanları oğurlanmış vəziyyətdə tapılmışdır. Nəsimi RPİ 21-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Azər Məmmədov sentyabrın 28-də yaxalanmışdır.

***

Sentyabrın 24-nə keçən gecə Bakı şəhər sakini Ruslan Əliyevə məxsus A.Şərifzadə küçəsində yerləşən kafedən qapını sındırma yolu ilə televizor, 2 ədəd mobil telefon və pul oğurlanmışdır. Yasamal RPİ 28-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Mirsadıx Sadıxov sentyabrın 28-də yaxalanmışdır. Müəyyən olunmuşdur ki, M.Sadıxov sentyabrın 19-na keçən gecə Bakı şəhər sakinləri Ramil Zeynallıya məxsus Z.Əliyev küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə danışıq kartları, 2 ədəd fanar, tütün məmulatları, sentyabrın 21-nə keçən gecə isə Emin İmanova məxsus Şərifzadə küçəsində yerləşən çay evindən eyni üsulla noutbuk və televizor oğurlamışdır.

***

Yasamal RPİ 29-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Sevda Kadırova sentyabrın 28-də yaxalanmışdır. Məlum olmuşdur ki, o, sentyabrın 13-də Sumqayıt şəhər sakini Mehdi Əsədovun idarə etdiyi «Nissan» markalı avtomobilə əyləşərək onun cibindən 800 manat, senryabrın 19-da isə Pənah Orucovun idarə etdiyi «VAZ-21011» markalı avtomobilinə əyləşərək sürücünün 54 manatını oğurlamışdır.