“Səbail gəncləri “Ağ ölümə” yox deyir!”

sebail-gencleri-ag-olume-yox-deyir
Oxunma sayı: 1275

Səbail Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayonun bütün orta və ali təhsil ocaqlarında Narkomaniya əleyhinə aylıq çərçivəsində ekspert və mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunur. “Səbail gəncləri “Ağ ölümə”yox deyir!” mövzusunda növbəti tədbir paytaxtın mərkəzindəki 132-134 №-li Təhsil Kompleksinin akt zalında keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. 

Tədbirdə Səbail rayon İcra Hakimiyyəti rəhbərliyi, Dövlət Komissiyası İşçi Qrupu, ağsaqqallar, pedaqoji işçilər, din xadimləri, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri iştirak edib.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev qeyd edib ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox  zəruridir. 

Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun  əməkdaşı Raqif Allahverdiyev, Səbail Rayon Polis İdarəsi 9-cu Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Elsevər Qədirov, Səbail Rayon Polis İdarəsinin bölmə rəisi, polis mayoru Ədalət Ağayev, İçəri şəhər “Həzrət Məhəmməd”  məscidinin axundu Hacı Sadiq Əsgərov, Bakı Şəhər Narkoloji dispanserinin həkim-narkoloqu  Pərvanə Məmmədova, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşı, polis baş leytenantı Bəhrəm Qasımzadə və digər çıxışçılar  ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd ediblər.

Bildirilib ki, bu ilin 9 ayında Səbail rayon polis idarəsinin müvafiq şöbəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 14 kq 195 qr narkotik vasitə dövriyədən çıxarılıb ki, onlardan 12 kq marixuana qalan 2 kq 195 qr ağır təsirli narkotik vasitələr siyahısına aid olan narkotik vasitələrdi.

Tədbirin sonunda narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirilib, hər bir iştirakçıya narkomaniyanın fəsadlarını göstərən kitabçalar paylanıb.