Səbail rayonunda doqquz ayın yekunları müzakirə olunub

sebail-rayonunda-doqquz-ayin-yekunlari-muzakire-olunub
Oxunma sayı: 643

İclasda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
hesabat dövründə rayonda görülən işlərdən danışaraq bildirib ki, 2012-ci ilin doqquz ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 18.463.6 milyon manatlıq sənaye məhsulu istehsal edilib, nəqliyyat müəssisələri tərəfindən 443,2 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 660,9 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 15,1% çox rabitə xidmətləri göstərilib.

Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2.182.5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 34,6% artıb.
İlin əvvəlindən əhaliyə 289,6 milyon manatlıq istehlak malları satılıb və ya pullu xidmət göstərilib, bu da ötən illə müqayisədə 47,7% çoxdur.
Səbail rayonunda çalışan işçilərin sayı 98891 nəfər, orta aylıq əmək haqqının məbləği isə 935.7 manat olub ki, bu da keçən illə müqayisədə 3,7% çoxdur.
2012-ci ilin 9 ayı ərzində Səbail rayonu ərazisində 1801 yeni iş yeri açılıb ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumiyyətlə 2009-cu ilin yanvarından 2012-ci ilin sentyabr ayınadək rayonda 7311 daimi iş yeri açılıb.

Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri davam etdirilib. Bu ilin üçüncü rübü ərzində prezident İlham Əliyevin iştirakı ilə Səbail rayonu ərazisində “Səadət” Sarayının, beşulduzlu “Four Seasons Hotel Baku” mehmanxanasının, Badamdar qəsəbəsində yeni inşa olunan 329 saylı tam orta məktəb və uşaq bağçasının binalarının açılış mərasimləri keçirilib, ölkə başçısı Bayıldakı 49 saylı “İntellekt” məktəb-liseyin binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Ha¬zır¬da rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, “Alov qüllələri” kompleksinin, MTN-nin yeni Hospitalının və Oksford məktəbi üçün yeni tədris korpusunun, “Azadlıq” Meydanında yeraltı və “Fəvvarələr” Meydanında yerüstü qarajların, Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə “Cənub” mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon şöbəsinin yeni inzibati binası və deponun tikintisi işləri aparılır. “Yeni Bayıl” və “Bayraq Meydanı” yarımstansiyaları istifadəyə verilib, Arif İsmayılov və Əhəd Yaqubov küçələrində 2 yeni yarımstansiya tikintisi davam edir. Mikayıl Müşviq küçəsində Botanika bağının hasarları yenidən tikilib üzlənib, Badamdar şossesi boyunca yeni istinad divarı çəkilib, Qurban Abbasov küçəsinin başlanğıcındakı divarlar üzlənib.

20-ci yaşayış sahəsində AFFA tərəfindən 3200 yerlik “Bayıl” stadionu istifadəyə verilib, Neftçilər prospektində təmir işləri, Ü. Hacıbəyov küçəsində 4 mərtəbəli, 200 avtomobil yerlik yeni parkinqin tikintisi, Dövlət Filarmoniyasının binasındakı təmir, Səməd Vurğunun ev-muzeyinin və Badamdar qəsəbəsində “Könül” körpələr evinin əsaslı təmiri başa çatdırılıb, Dövlət Musiqili Komediya Teatrının, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni binanın, 1200 şagird yerlik Müasir İstedadlar Məktəbinin inşası, mərkəzdə və Bayıl dairəsində yaşayış binalarının fasadlarının üzlənməsi və təmiri, Bayıl dairəsindən Əhəd Yaqubov küçəsi istiqamətində yeni yolun çəkilişi, Dağüstü parkın bir hissəsində əsaslı təmir-yenidənqurma işləri, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və kitabxananın əsaslı təmiri, Səbail rayonunun rəmzi olan “Qız qalası”nda bərpa və konservasiya həyata keçirilir.

RİH tərəfindən Dağüstü parkda veteranlar təşkilatı və təsərrüfat xidmətləri işçiləri üçün bina və Badamdar qəsəbəsində xidməti yaşayış binasının tikintisi aparılır. “Abad həyət” layihəsi əsasında Badamdar qəsəbəsi S.İbrahmxədilov 1 və Neftçilər döngəsi 7 ünvanlardakı həyətlər əsaslı təmir olunub, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Bu ilin sentyabr ayında 7 saylı orta məktəb üçün yeni korpus, mart ayında 49 saylı orta məktəb üçün yeni 660 şagird yerlik yeni korpus istifadəyə verilib, 50 və 203 saylı orta məktəblərin binalarında əsaslı təmir başa çatıb.

Həmçinin 3 saylı Uşaq Musiqi məktəbinin sökülərək yenidən tikintisi davam edir, 44 saylı uşaq bağçasında, 1 saylı şəhər poliklinikası və 3 saylı Vərəm Əleyhinə dispanserdə, Bibiheybət Mədəniyyət evində əsaslı-təmir işləri aparılır. Səbail RİH-nin və Bakı şəhər Prokurorluğunun binalarının və eləcə də F.Əmirov küçəsi 1 və 2 ünvanlardakı 16 mərtəbəli yaşayış binalarının fasadlarının təmir-yenidənqurulmasına başlanılıb.
Ümumilikdə - 9 ay ərzində rayondakı respublika və yerli əhəmiyyətli yollara 267.100 kv.m. asfalt çəkilib.

Hesabat dövründə Səbail rayonunun Təsərrüfat xidmətləri, Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enercisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması, mənzil fondunun qorunması və meydana çıxan problemlərin həlli üçün bir sıra tədbirlər həyata keçilib, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməyib.
2012-ci ilin ilk 9 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 401 ailə (1668 ailə üzvü) müraciət edib, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 116,10 manat sosial yardım təyin olunub.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13153 nəfər təqaüdçülərə ilin 9 ayı ərzində 25.045.496,39 manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib.

Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 9 ay ərzində 674 nəfər daimi işlə təmin olunub, “Ərazi Məşğulluq Proqramı”na əsasən cari ilin doqquz ayı ərzində 60 nəfər iş axtaran vətəndaş üçün kurslar açılıb, “Əmək yarmarkasında” 80 nəfər daimi işlər təmin olunub.

İclasda əldə olunmuş nailiyyətlələ yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Toplantıda Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Mirzə Əsgərov, Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin müdiri Güləhməd Bağırov, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Səbail rayon Sukanal Departamentinin rəisi Rauf Abaslı, Səbail rayon Enerci Təchizatı və Satış İdarəsinin rəisi Səbuhi Zeynalov çıxış ediblər.

Nigar Məmmədli