Səbaildə Çernobıl qəzasının ildönümü anıldı

sebailde-cernobil-qezasinin-ildonumu-anildi
Oxunma sayı: 638

Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının   ildönümü ilə bağlı   Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin ənənəvi görüşü keçirilb. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin Başçı  Eldar Əzizov  bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. Hadisə nəticəsində 7 min insan həlak olub, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. Ukrayna və Belarusiyada 300 min nəfər öz yaşayış yerlərini tərk edib. 

1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan  bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan toxunub. Hadisədən artıq 31 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər. 

Toplantıda qeyd olunmuşdur ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 96 nəfərin 46-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. 

Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları  təqdim olunub.