Səbaildə Mirzə Fətəli Axundzadənin 200 illiyi qeyd olunub

sebailde-mirze-feteli-axundzadenin-200-illiyi-qeyd-olunub-
Oxunma sayı: 635

Dünya Azərbaycanlılarının həmrəylik günü ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının, elm və təhsil müəssisələrinin, ktləvi informasiya vasitələrinin nümayəndələri, gənclər və ağsaqqallar, veteranlar, din xadimləri, ziyalıların iştirakı ilə “Park Bulvar” Ticarət və İstirahət Mərkəzindəki “Sinema-Klub”da tədbir keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbir iştirakçılarını və Dünya Azərbaycanlılarının həmrəylik günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib. A. Əsgərov sona çatan il ərzində Səbail rayonunda da görülən işlər və həyata keçirilən layihələr, açılışları keçirilmiş obyektlər, təmir olunmuş təhsil, səhiyyə və s. müəssisələr, həyətlər, park və istirahət güşələri, asfaltlaşdırılmış yollar barədə məlumat verib və yeni ildə qarşıda duran vəzifələrdən söz açıb.
Asif Əsgərov qeyd edib ki, bu il həm də böyük Azərbaycan mütəfəkkiri, Milli dramaturgiyanın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi böyük təntənə ilə qeyd olunur.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin Sədri, xalq yazıçısı Anar Azərbaycan Milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun yaradıcılığı, onun mənalı həyat yoluna nəzər salıb, ölkəmizdə və onun hüdudlarından kənarlarda keçirilən yubiley tədbirlərinindən danışıb. Xalq yazıçısı həmçinin dövlət sifarişi əsasında çəkilmiş, ssenari müəllifi olduğu “Sübhün səfiri” filminin çəkilişi barədə söz açıb, filmin yaradıcı heyətini iştirakçılara təqdim edib.

Daha sonra çıxış edən filmin rejissoru Ramiz Həsənoğlu və baş rolun ifaçısı xalq artisti Rasim Balayev filmin ərsəyə gəlməsi və çəkiliş günlərindən danışıblar.

Sonda tədbir iştirakçılarına “Sübhün səfiri” filmi nümayiş etdirilib.

Nigar Məmmədli