Səbaildə narkotiklərlə bağlı tədbir keçirilib

sebailde-narkotiklerle-bagli-tedbir-kecirilib
Oxunma sayı: 973

Səbail Rayon İcra Hakimiyyətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu üzvlərinin iştiraki ilə “26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Eldar Ağayev bildirib ki, paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda zəmanənin bəlası olan narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirilib. Bu istiqamətdə RİH ilə birlikdə hüquq mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələri də geniş fəaliyyət göstərirlər. 

Eldar Ağayev yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyinə toxunaraq yay aylarında Səbail RİH tərəfindən təşkil olunan tədbirlər barədə məlumat verib, narkomaniya ilə bağlı keçirilən tədbirlərin əsas məqsədinin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu dəhşətli sosial bəla ilə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Vasif Quliyev, Bakı Şəhər Narkoloji dispanserinin həkim-narkoloqu Fizzə  Məmmədova və digərləri ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi haqda danışıblar.

Sonra tədbir iştirakçılarına narkomaniyanın dəhşətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.