Səbaildə qanvermə aksiyası olacaq

sebailde-qanverme-aksiyasi-olacaq
Oxunma sayı: 1507


“Qafqazinfo”nun məlumatına görə, İçəri şəhər «Cümə» məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, 9 ildir Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı məsciddə könüllü qanvermə aksiyaları təşkil olunur. İçəri şəhər «Cümə» məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və artıq  «Cümə» məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb.

Hacı Surxay qeyd edib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir, heç bir yerdə qəbul olunmur  və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir. Bu ayda küsülülərin barışması, yetimlər evinə getmək islam aləmində çox dəyərlidir.  Aşura mərasimində məsciddə keçirilən təziyə məclisində Kərbəla və vətən uğrunda şəhid olanların şəninə xütbələr oxunacaq, şəhidlərin əziz xatirəsi yad ediləcək. Eyni zamanda həmin gün məsciddə könüllü qanvermə aksiyası təşkil olunacaq. Talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik və «Cümə» məsciddə bu aksiya artıq  9-cu dəfə təşkil olunacaq. 

Məsciddə qanvermə aksiyasına hazırlıq işləri aparılıb. Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq.