Səbaildə Xocalı faciəsinin 21-ci ildönümü anılıb

sebailde-xocali-faciesinin-21-ci-ildonumu-anilib
Oxunma sayı: 658

“Qafqazinfo” xəbər verir ki, Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilib, rayonun mədəniyyət müəssisəlrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər təşkil olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin «Şəhidlər Xiyabanı»ndakı qərargahında Xocalı şəhərindən köçkün düşərək Səbail rayonunda məskunlaşmış 22 ailənin nümayəndələri ilə görüş keçirilib. Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.

Həmçinin qeyd olunmuşdur ki, fevral ayının 26-da rayonun sənaye, təhsil, səhiyyə və s. müəssisələrin kollektivlərinin «Xocalı harayı» abidəsinin ziyarəti təşkil ediləcəkdir. Həmin gün rayondakı məscidlərində Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunacaq, «Bibiheybət» və İçəri şəhər «Cümə» məscidlərində ehsanlar veriləcək.
Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşı Nadir Rəşadov və başqaları ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.
Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları göstərilib.

Nigar Məmmədli