Səbaildə Zərifə Əliyevanın xatirəsi anılıb

sebailde-zerife-eliyevanin-xatiresi-anilib
Oxunma sayı: 1195

Görkəmli oftalmoloq, Tibb Elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonundakı ən müasir tibb müəssisələrindən olan «Dünyagöz» Göz Klinikasının təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə anım mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, müəssisənin iclas zalında keçirilən tədbiri açıq elan edən  «Dünyagöz» Göz Klinikasının baş həkimi, general-professor Dilavər Erşanlı bildirib ki, akademik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə Azərbaycan tibb elminə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb.  

Sonra Zərifə Əliyevanın həyatından bəhs edən film nümayiş olunub. 

Tədbirdə çıxış edən tanınmış oftalmoloq alim, tibb elmləri doktoru Paşa Qəlbinur Zərifə Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışıb. 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, oftalmologiya sahəsi üzrə ilk qadın akademik Z. Əliyevanın elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. 

Tədbirdə qeyd olunub ki, təşkilatçılar tərəfindən pulsuz göz müayinəsi aksiyaları il ərzində bir neçə də keçiriləcək.