Səfilin azadlıq hissi

sefilin-azadliq-hissi
Oxunma sayı: 659

O, pəncərənin önündən sallanan sır-sıranın şəffaflığına nəzər yetirib, içindən keçən üşütməni -hf..hf..hf…huff- deyə qorxudub qovmağa çalışdı sanki. Kürkünü geyinə-geyinə sır-sıranın şəffaflığına bir daha baxdı -ömrü gödəkdi ona görə də təmizliyini qoruya bilir- dedi, qapıdan çıxıb hər iki əli ilə kürkünün boğazından yapışıb yuxarı dartdı -bu soyuqda kimə desən hava almağa gedirəm adama gülər- öz-özünə düşündü. Geri qayıtmaq istədi də… Lakin bayırda bəni-adəmin yoxluğundan həvəslənib qayıtmadı. Nədənsə liftlə də enmədi aşağı. Pillələri saya-saya… həzin-həzin… İndi məni görənlərin hərəsi bir şey danışacaq... -bu qız şaxtada küçələrdə nə gəzir- deyəcəklər... -bu soyuqda da oturmur bir yerdə- düşündü, -cəhənnəmə desinlər!- içindən keçirib, davam etdi.

Çıxışa açılan qapıya yaxınlaşdıqca soyuq daha təbii şəkil alırdı. Qapının üstündəki nəfəslikdən təmiz hava dolurdu bloka. Amma bu qapıdan çıxmaq gözünə oturmuşdu. Qar yağandan bu yana burda neçə adam yıxılıb əzilmişdi. Üç gün əvvəl elə özü də yıxılmışdı burda, topuğu da sərpmişdi. Odur ki nə ki çölə çıxmaq, qapını da ehtiyyatla açdı. Ayağını uzadıb, çəkməsinin ucu ilə yeri yoxladı. Qapını buraxmadan pəncəsini yerə sürtdü. Sürüşməyəcəyinə əmin olduqdan sonra əllərini kürkün cibinə qoyub addımladı. Kimsə blokun qapısından başlayaraq qarı təmizləmişdi, dar bir cığır açmışdı. O, -kim təmizləyib buraları?- özünə sual verdi, bilirdi ki belə havalarda heç kim əziyyət, çəkmək istəmir və ətrafa boylandı. Heç kim görünməsə də bütün bloklardan eyni istiqamətə çığır açılmışdı. O irəliyə doğru bir-iki addım da atdı. Hər şey qaydasında idi sürüşmək təhlükəsi hiss olunmurdu. Heç zərrə qədər də..

Qarşıdakı tindən burulub ağacların arasında topa-topa fiqur şəkli almış qarın içidə… sonuna qədər düşünə bilmədi belə… Blokların çıxışından başlayan cığırlar hamısı bu tində birləşirdi.
O, burda yolun içində eşələnən adamı gördü. Əynində nimdaş paltar, ayağında qopmuş yerlərindən yalın barmaqları görünən çəkmə vardı. Şalvarının cırıqlarından göyərmiş dərisi, biz-biz durmuş tükləri görünürdü. Kirli sifətini saqqal basmış, pırtlaşıq saçlarından kir tökülən bu adam qarı əli ilə yana süpürdükdən sonra balaca dəmir parçası ilə buzu qırıb dağıdır, götürüb kənara atırdı. Bu yöndəmsiz dəmir parçası kirli, üstündəki yara və qərtməkdən rəngi bilinməyən əllərini yaralayıb qanını axıtsa da işinə davam edirdi.

- Ey, sən burda neyniyirsən? - O, iyindən yaxınlaşa bilmədiyi adamı səslədi.. sol əli ilə ağzını qapadıb, burnunu tutaraq bir addım da atdı. -Ey…y! Burda nə eşələnirsən boş-boş?-deyib nəfəs almadan yenə burnunu tutdu. Nə qədər diqqət kəsilsə də başını qaldırmadan dodağı altında mızıldanan bu adamın nə dediyini anlamadı. -Ey…y! Eşidirsən, bəlkə səni müvəqqəti sığınacağa ötürüm, burda soyuqdan öləcəksən. Nəyinə lazımdır axı yolları təmizləyirsən… Kimdi bu sazaqda evindən çölə çıxan…- dilindən söz bitməmiş bu adam qalxıb ağır-ağır nəfəs çəkərək yenə nələrsə dedi. O, səfilin dediklərindən çətin də olsa -rədd ol burdan!..- seçə bildi. Bəlkə də bir ilin zibili yığılmış dırnaqları, xəstə görkəminin fonunda itib batırdı. Çuxura düşmüş, qıyılmış gözlərindən ürpənərək keçib getmək istədi. Lakin bir-iki addım atıb dayandı. Səfil mızıldana-mızıldana başını aşağı salıb, əlindəki dəmirlə buzu döyəcləməyə davam edirdi. İndi danışdıqları xeyli aydın olsa da -taq! taq! taq!- səsləri eşidilməyə qoymurdu. Bilirdi ki ondan danışır. Odur ki bir az daha diqqətlə qulaq asdı:

- Elə bilir ki, bircə özüdü adam… bax, dükana gedir…almağa… bəs mən adam deyiləm… neçə gündü zibilxana böşdu… hər yer buzdu, heç kim gətirib zibilin atmır…

- Aman Allah!-o qəlbinin ifadəsinin dilində necə hərəkətləndiyini hiss etmədi belə. Dönüb lap yaxınlıqdakı zibil səbətlərinə tərəf baxdı. Yan-yana zibil səbətləri... Demək, yolu təmizləyir ki, ətrafda yaşayan sakinlər zibilini ata bilsin. Axı yeyəcəklərini bu zibil səbətlərindən toplayır.
O, heç kimin əhəmiyyət vermədiyi bu adamın səfil görkəmindən çıxdığını hiss etdi içinin dərinliklərində. Duyğusallığına heyrət etdi. Ayaqları getmədi... Bütün günü zibil səbətlərini eşələyib, yeməyə bir tikə, para tikə nəsə tapmaqla həyat adlı mübarizədə duruş gətirə bilən bu adamın zəhmət çəkmək hissi yoxa çıxmamışdı. Axı hal-hazırda dünyanın ən çətin işini görürdü. İyirmi dərəcə şaxtada belə əziyyəti çəkməyi bacaran adam ən ağır şəraitdə də işləyə bilər yəqin ki... Hə... işləyə bilər... O, fikirlərinin ləpədöyənində duyğularına ilişən sonuncu kəlməni kiminsə dilindən eşidir kimi oldu. -işləyə bilər...

Qətiyyətli addımlarla yaxınlaşdı və əlini, başını aşağı sallayıb qaydasız döyüş ustasının rinqdə rəqibinə vurduğu sonuncu hirs və həyəcana bürünmüş zəif zərbələr kimi buz tutmuş cığırı döyəcləyən adamın çiyninə qoydu. Ovucunun kir qatına toxunmasından diksindi, lakin dərindən çəkmək istədiyi nəfəsi yarı yolda hüfləyərək dilləndi:
- Sən... sən nə dedin?

Səfil başını yana çevirib sakit halda ona baxıb daha sərt şəkildə döyəclədi buzu. Bu dəfə onun təngənəfəsliyi hiss olunur, sinəsinin xışıltısı eşidilirdi.
-Mən, nə dediyini eşitdim.
- ...
- Sən ki çörək qazanmaq üçün zəhmət çəkməyə hazırsan...-ani bir pauza- bəlkə sənə iş tapaq... işlə... qazan... hə, nə deyirsən?
Onun dediklərini eşitmirdi sanki. Ya da insanlara incikliyini, etirazını bu qızı “adam saymamaqla” çatdırırdı...
- E...yy, cavab versənə... mən burda kimin üçün danışıram- dedi, titrəyə-titrəyə.
-Sənə soyuq olar...-bir an, başadüşülür şəkildə -get işinə... gözəlçə!.
Son söz yerində deyilməsə də ona ləzzət elədi, dodağı da qaçdı, qollarını sinəsində çarpazlayıb, şıltaqcasına ayaqlarını növbə ilə yerə vurdu, üşüməmək üçün... iki dəfə..
- Yaxşı, gedim getməyinə, amma sən...
- Mənnən işin olmasın!
O hiss elədi ki başı gicəllənir artıq. Burnuna dolan qoxu onu lap sərxoş elədi. Odur ki aralaşmağa qərar verdi. Bir addım atıb yenə dayandı. Nədənsə gedə bilmirdi, ayrıla bilmirdi zibilxanada duyğularını qətl eləyən adamdan. Bu zaman səfilin yarımızıltılı səsi eşidildi:
- Mənə iş verir... hı...ı! iş... neynirəm... işdiyirəm də... öz əlim-öz başım... buyruq qulu olmağım qalıb...

O, səfilin sözlərinə heyrət içində susdu. Dedikləri sanki soyuqdan qaçıb onun qulağına sığınırdı. Bayaqdan hiss eləmədiyi şaxta tikan olub dərisinə sancılmağa başladı. Təbiət də mat-mat baxırdı. O özünün, ətarfındakıların nə qədər azad ola bildikləri haqqında fikirləşdi. Bu fikirlər isə -birdən məni bu səfilin yanında kimsə görər- narahatlığı ilə əhatələnirdi.
-Bu adamın azadlıq hissinə bax!- düşünə-düşünə addımladı. Bu addımlar onu səfilin azadlıq nöqtəsindən uzaqlaşdırmışdısa, onda eşitdiyi boğunuq səs kiminiydi:
- Mənə iş verir... hı...ı! iş... neynirəm... işdiyirəmdə... öz əlim-öz başım... buyruq qulu olmağım qalıb... adını da çağıran olmaya... fəhlə!.. sürücü!.. xadimə!... nə bilim nə zibil... zibil! hə... az qalıb qurtarıram...

Dədə