Səfir ali məktəbdə - Foto

sefir-ali-mektebde-foto
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi xəbərə görə, martın 6-da Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uyterlinde Bakı Ali Neft Məktəbində olub.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı təhsil ocağında yaradılan infrastruktur ilə tanış edib, ona ali təhsil müəssisəsinin yaranma tarixi, onun qarşısında duran məqsədlər, 2012-ci ildə tələbə qəbulunun nəticələri, tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında məlumat verib.

Ali məktəbdə tədrisin ingilis dilində təşkil edildiyini vurğulayan rektor bu məqsədlə Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını, mütəxəssis hazırlığının bu universitetin tədris proqramları əsasında müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyinə və məzunlara 2 diplom veriləcəyinə diqqəti cəlb edib. Rektor 2012-ci ildə “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə qəbulun həyata keçirildiyini, bu il isə 3-cü, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının açılacağını qeyd edib, Ali Məktəbin Niderland Krallığının texniki ali təhsil müəssisələri və neft-kimya təmayüllü sənaye qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına ehtiyac olduğunu bildirib.

Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uyterlinde Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində müasir tipli Ali Məktəbin yaradılmasını yüksək qiymətləndirib, ali təhsil ocağının kollektivinə tədrisdə və təhsildə uğurlar diləyib, səfirlik olaraq Bakı Ali Neft Məktəbinin Niderland Krallığının müvafiq təhsil müəssisələri və sənaye qurumları ilə əlaqələrin yaradılmasında köməklik etməyə hazır olduğunu bildirib.

Sonda rektor Elmar Qasımov qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonağı” diplomunu təqdim edib.