Səfir Kim Tonq Op Pirşağıda - Fotolar

sefir-kim-tonq-op-pirsagida
Oxunma sayı: 1722

Azərbaycan və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsinin icra vəziyyəti ilə tanışlıq məqsədilə Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op Pirşağı tullantı sutəmizləyici qurğusunun tikinti sahəsində olub.

“Qafqazinfo”nun məlumatına görə, qonaqlara layihə və onun əhəmiyyəti barədə ətraflı məlumat verilib. Sonra qonaqlar tikinti sahəsində layihənin icrası ilə əyani tanış olublar. 

Qonaqlara məlumat verilib ki, tikintisinə 2017-ci ildə başlanılmış layihə üzrə işlərin 90 faizdən çoxu yerinə yetirilib. Ərazidə yaranan tullantı sularının toplanaraq təmizləyici qurğuya ötürülməsini təmin etmək məqsədilə giriş nasos stansiyasının yer səthindən 28 metr dərinlikdə yerləşən şaxtası inşa edilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılır. 

Tullantı sularının tərkibində olan iri əşyalar barmaqlıqlarda, xırda hissəciklər və yağlar isə incə barmaqlıq və qumtutucuda təmizlənəcək. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biosfor qurğusuna ötürüləcək. Artıq biosfor qurğusunun tikintisi yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması işləri həyata keçirilir.

Bioloji təmizləmədən keçən suların çökdürülməsi və susuzlaşdırılması məqsədilə durulducu çənlərin və lil susuzlaşdırma binasının tikintisi də son mərhələdədir. Ən sonda tullantı sularının diskfiltr vasitəsilə təmizlənməsi və ultrabənövşəyi şüalar vasitəsilə zərərsizləşdirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1700 metr uzunluğunda dənizə çıxış xəttinin qaynaq və izolyasiya işləri tam yekunlaşıb. Çıxış xəttinin 1300 metrlik hissəsi dənizin dibi ilə xüsusi təyinatlı gəmilər vasitəsilə quraşdırılacaq. Bu məqsədlə dənizin dibi ilə marşrut seçilib və ixtisaslaşmış gəmilərlə dib dərinləşdirmə işləri aparılıb.

İnşasında ən son texnologiyalardan istifadə olunacaq qurğuda Koreyada istehsal edilmiş mexaniki avadanlıqlar quraşdırılacaq. Artıq həmin avadanlıqların əksər hissəsi tədarük olunaraq əraziyə daşınıb.

Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayi və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.