“Şehiç namaz qıldığı üçün səhərə kimi oyaq qalır” - Jezniçak

sehic-namaz-qildigi-ucun-sehere-kimi-oyaq-qalir
Oxunma sayı: 3180

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Polşada bir çox insanlar Azərbaycanı üçüncü dünya kimi qəbul edirlər...

- Bakıya gələnə qədər mən də daha pis fikirlərə sahib idim. Bəlkə də 2003-cü ildə gənclik illərimdə Bakıda olarkən gördüyüm mənzərə məni buna sövq edirdi. O zaman hər şey indikindən fərqli idi. Şəhər çox inkişaf etməmişdi. Bu dəfə isə təəccübləndim. Çünki hər şey neft sayəsində yaxşıya doğru dəyişib. İnsanlar xaricilərlə dostluq edirlər. İngilis dilində hər kəslə danışa bilərsiniz amma rus dili hökmranlıq edir. Yeni ildən sonra bu dili öyrənməyə çalışacam. Azərbaycanın özəlliklərini öyrənmək istərdim. Hava orada çox yaxşıdır. İyul ayında Bakıya gəldim və ilk yağışı yalnız sentyabrda gördüm. İndi temperatur 10 dərəcə ətrafında dəyişir. Qar yoxdur və beləliklə mən əsl Polşa qışını yaşmayacağam. Yeməkdən şikayərlənmirəm. Çünki Bakıda bir çox Avropa restoranları var. 

-  Siz Bakının mərkəzində, Xəzər dənizinə baxan möhtəşəm göydələndə yaşayırsınız. Qonşularınız isə əvvəllər Polşada oynamış Dani Kintana və Donal Geryedir....

- Burada futbolçuların 90 faizi yaşayır. “Qəbələ”dən, “Neftçi”dən olan bir çox əcnəbilər burda qalır. Binanın içərisində restoranlar, dükanlar var. Çox rahatdır. 

- Aprel ayında Formula-1 sürücüləri pəncərənizin altından keçəcək...

- Bu yaxınlarda Bakıda voleybol üzrə Avropa çempionatı keçirildi. Bakı 2019-cu ikdə Avropa Liqasının finalına ev sahibliyi edəcək. 2020-ci il Avropa çempionatının bir neçə oyunu burda olacaq. Hələ bir il yarım müqaviləm var. Burada xoşbəxtəm və çox qalacağımı istisna etmirəm. 

- Şəhərin bu cür dinamik inkişafı prezident İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın xüsusi diqqəti ilə bağlıdır?

- Bu öyrəndiyim ilk şeylərdən biridir. Mənə Marbelladan Bakıya köçürülmüş bir ispan restoranı tövsiyə olundu. Parisdə və Londonda olan restoranlar var. Küçədə London  taksiləri görə bilərsiniz. Şəhərin memarlığına baxarkən Avropada kimi özünüzü hiss edirsiniz. “İnstagram”dakı paylaşımlardan gördüm ki, prezident burada çox sevilir və qiymətləndirilir. Məsələn, ÇL-ə vəsiqə qazananda o, bizi qəbul etdi və bəzi oyunçularla şəxsən söhbət etdi. Hər kəsin adını və soyadını bilirdi. Bu mənada məni çox təəccübləndirdi.  Prezident iyun ayında Polşada olduğunu və bu ölkəni çox sevdiyini söylədi. 

- Prezident oyunlara gəlirmi?

- Bildiyimiz kimi, Çempionlar Liqasında seçmə və qrup matçlarında bu oldu. 

- Bakıda sizə kim kömək edir?

- İlk günlərdə Dani Kintana və onun xanımı mənə kömək edirdi. Onlar mənə mənzil tapmaqda yardım etdilər və şəhəri göstərdilər. İbrahim Şehiç və Mahir Mədətovla dost oldum. Həyat yoldaşım yanıma gələnə qədər mənə kömək etdilər. 

- Bakı ziddiyətli şəhərdir. Varlılar və yoxsullar bir-birinə qarışır...

- Bu yoxsulluğu şəhərin mərkəzində görmək çətindir. Şəhərdən kənara çıxanda bəzi şeylər daha aydın görünür. Daha az zəngin insanların turistlərin görməməsi üçün şəhər kənarına köçürüldüyünü öyrəndim. 

- Həyat yoldaşınız sizdən ayrı qaldığı üçün nə dərəcədə xoşbəxtdir?

- Mən bu transferdən öncə onunla məsləhətləşdim. “Legiya”da kifayət qədər qiymətləndirilmədiyimdən yeni bir şeyə cəhd etməli idim. Ona təşəkkür edirəm. Çünki dürüst olmaq lazım idi. “Legiya”da 13 il keçirdim və qərar verməkdə çətinlik çəkirdim. Edita (Jezniçakın xanımı) bir modeldir. Onun üçün Bakıda və ya Varşavada yaşamaq fərq etmir. Buradan Türkiyəyə və ya Dubaya da gedə bilərik. Həyat yoldaşım tətildə mənə qoşuldu. 

- Ağdamı xəyali şəhər adlandırırlar. Oraya getmək fikriniz varmı?

- Ermənistanla Azərbaycan arasında müharibə başlamazdan əvvəl komandanın qərargahı məhz bu şəhərdə olub. Amma dostlarım mənə dedi ki, indi ora getmək təhlükəlidir. 

- Klub bir abidə halına gəldi. Dağlıq Qarabağ münaqişəsi zamanı Ağdamda minlərlə insan öldürüb, milyona yaxın qaçqınlar var...

- Klubun mənşəyi hər fürsətdə vurğulanır. Bu hər kəs üçün qürur mənbəyidir. Hər kəs sevinir ki, Qarabağı təmsil edən komanda bu uğurları qazanır. 

- Ölkənin adət-ənənələrini öyrənmisiniz?

- Günümüzün planına təsir edən İslam dini ilə maraqlana bildim. Bütün təlimlər günorta və ya axşam keçirilir. Çünki müsəlmanlar gündə 5 dəfə dua edirlər. Gecə yarısı və səhər də bunu edirlər. 

- Bu mərasimlər sizi narahat etmir? Müsəlman oyunçulardan biri olan Şehiçlə eyni otaqda qaldığınızı bilirik...

- Xoşbəxtəm ki, çox ağır yatıram. İbrahim Şehiç səhər saat 4-ə qədər yatmır. Playstation oynayır və ya komputerdə hansısa oyunla məşğul olur. Yalnız namazdan sonra yuxuya gedir. Gündüz saat 1-də qalxır. Buna görə də matç günü fərqli görünür. 

- Komanda yoldaşınız Mahir Mədətovun cəmi 20 yaşı var...

- Azərbaycan Premyer Liqasında legioner limiti var. İlk “11-lik”də meydana çıxan 5 yerli futbolçu olmalıdır. Onlardan biri də gənc olmalıdır. Mahir də bizim komandada həmin limitə uyğun gəlir. Amma onun üstünlüyü daha istedadlı olmasıdır. 

- Soyunma otağında özünüzü kənar hiss etmirsiniz?

- Atmosfer əladır. Komandanın baş məşqçisi Qurban Qurbanov komanda daxilində münaqişəyə imkan verməz. O vacib və böyük nüfuza sahib biridir.

- Stanislav Çerçesovu xatırladır?

- Qurbanov çox tələbkardır, nadir hallarda gülür, intizam ilk növbədədir. Lakin hələ Çerçesova çata bilmir. Təlimlərdə çox gərgin deyil. Həm də intensiv məşqlər keçmirik. Maraqlıdır ki, Polşada toplanışlar 10 gün davam edir. Yanvarın 9-dan fevralın 4-nə kimi təlim-məşq toplanışında olacağıq. Ümid edirəm ki, dözəcəm. 

- Matçdan əvvəl və sonra vəziyyət necə olur?

- Hər şeyə qərarı baş məşqçi verir. Polşada bir həftə əvvəldən plan bəlli olurdu. Avropa kuboklarında toplanış iki gün əvvəl başlayır. Xoşbəxtlikdən plan məhdud deyil. Təlimdən sonra hər kəs istədiyini edə bilir. Qəhvə içməklə, Playstation oynamaqla məşğul olmaq mümkündür. 

- Eşitdim ki, Azərbaycanda səyahətlər təşkil edilir. Sizə belə təklif oldumu?

- Ancaq Sevastopola getmək istəyirik. Yayda daha çox fasilə olacaq. 

- Çempionlar Liqasında “Atletiko”dan xallar aldınız. Bunu şampanla qeyd etdiniz?

- Bizim məşqçi spirti sevmir. Buna görə də bayram etmək haqqında heç bir söhbət olmadı. Qrup mərhələsinə yüksəldiyimiz üçün aldığımız bonuslar “Legiya”dakından 2-3 dəfə az idi. Mən müqaviləyə əsasən əlavə mükafat aldım. Çünki biz klubla əlavə maliyyə şərtlərində razılaşa bilmirdik. Sonradan bonuslarla bağlı şərtdən sonra razılıq oldu. 

- “Çelsi”yə 0:6 hesablı məğlubiyyətdən sonra “Legiya”nın “Borussiya” ilə matçlardakı xatirələri geri gəldi? 

- Londondakı məğlubiyyətdən sonra pis olduq. Oyunun fraqmentlərinə baxdıqda görünürdü ki, axmaq səhvlərdən 4 qol buraxmışıq.  Əsas odur ki, biz bundan sonra özümüzə gələ bildik. 

- Doğma meydanda oynadığınız görüşlərdə xeyli sayda azarkeş var idi. Burada futbol Polşadan daha populyardır, yoxsa bilet qiymətlərinin ucuz olması azarkeşlərin çoxluğunun səbəbi idi?

- Bu qiymətlər insanların qazancına uyğun idi. Amma bunun həlledici olduğunu düşünmürəm. Sadəcə fanatlar böyük komandaları gözləri ilə görmək istəyirdilər. Amma bu tamaşaçılar qarşısında oynamaq əla idi. Premyer Liqada belə bir fürsətə sahib olmağı xəyal edirik. Daxili çempionatda 2-3 min tutuma malik “Azersun Arena” adlı stadionumuz var. İnsanlar səmimi və xoş şəkildə burada futbola baxırlar. Bəzən Tofiq Bəhramov adına Respublika stadionunda da oynayırıq. ÇL-in təsnifat mərhələsinin oyunlarını burada keçirmişdik. 

- Küçədə insanlar sizi tanıyırlar?

- Onlar tez-tez gəlirlər və foto çəkdirirlər. Məni daha çox istəyirlər və sarı saçlarım orada xüsusi fərqlənir. Əksəriyyət də mənə Kuba deyir. 

- Azərbaycanda hakimlər haqqında fikirləriniz  necədir?

- Hamı bilir ki, əksər hallarda hakimlərə sərt reaksiya verirəm. Bu şeylər mənə ucuz başa gəlmir. Bəziləri sərt cəzalar verir. Mən özümü idarə etməyə çalışıram. Çünki baş məşqçi də bu məsələlərdə həssasdır. Bəzi matçlardan sonra hətta cəza da aldım. 

- “Qarabağ” Polşada oynasaydı, çempionluq şansı olardımı?

- Bu yaxınlarda eyni sualı azarkeşlərdən biri mənə verdi. Cavabım isə belə oldu: “Qarabağ” hazırki vəziyyətdə Polşa çempionatının lideri olardı. Amma bir il əvvəl “Legiya” daha güclü idi. 

Elsevər