Şəhidlər Xiyabanı ziyarət edildi

sehidler-xiyabani-ziyaret-edildi
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, şəhidlərin məzarlarının üzərinə gül dəstələri qoyulub, dualar oxunub. QAT sədri Akif Nağı ziyarət zamanı bildirib: “Beynəlxalq təşkilatlar işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməli və onu sülhə məcbur etməlidir. Azərbaycan hakimiyyəti isə, əgər özünə hörmət edirsə, terrorçu Serj Sərkisyanın son sərsəmləmələrindən sonra onunla, ümumiyyətlə, görüşlərdən, danışıqlardan imtina etməlidir”.

QAT-ın bir qrup üzvü Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları “İşğalçı Ermənistana qarşı sanksiyalar!”, “Terrorçu Sərkisyan beynəlxalq məhkəməyə!”, “İkili standartlara son qoyulsun!”, “BMT! Ya qətnamələrinin yerinə yetir, ya da özünü burax” tələbləri yazılmış plakatları qaldırıb, şüarlar səsləndiriblər. Polis aksiyanın qarşısını alsa da QAT sədrinin müavini İlqar Əliyev aksiyanın bəyanatını BMT nümayəndəliyinə təqdim edə bilib. İyulun 6-da keçirilən aksiyadakı tələblərin təkrar olunduğu bəyanatda göstərilir: “Biz hesab edirik ki, BMT-nin baş katibi və Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal faktı ilə bağlı obyektiv mövqedən çıxış etmir, Ermənistanın təcavüzkar hərəkətlərinə adekvat qiymət vermək istəmir. BMT Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi yarımçıq və mənasız qətnamələrin özlərini belə yerinə yetirmək üçün addım atmır. Biz BMT rəhbərliyinin bu cür səbatsız, qətiyyətsiz və ədalətsiz mövqeyinin səbəblərini bilmək istəyirik. Bütün deyilənlərə əsaslanaraq tələb edirik:

1. BMT Təhlükəsizlik Şurasının təcili toplantısı çağrılmalı və işğalçı Ermənistana qarşı sanksiyalarla bağlı qərar qəbul edilməlidir.
2. BMT baş katibi Ermənistanın terrorçu prezidenti Serj Sərkisyanın beynəlxalq məhkəmə qarşısına çıxmasını təmin etməlidir.
3. BMT rəhbərliyi Qarabağ münaqişəsi ilə bağlı ikili standartlara son qoymalıdır.
4. Əks halda, BMT-nin Bakı nümayəndəliyinin öz fəaliyyətini davam etdirməsinə heç bir ehtiyac qalmayacaqdır.

Biz bu gün Füzuli və Cəbrayılın işğal tarixlərini qeyd edir, lakin bu tarixləri sonsuz şəkildə qeyd etmək fikrində deyilik. Bizim torpaqların hələ də işğal altında qalmasının məsuliyyəti Ermənistanla yanaşı beynəlxalq təşkilatların da üzərinə düşür. BMT və digər beynəlxalq təşkilatların ədalətsiz mövqeyinin nəticəsidir ki, ermənilər bizim torpaqlarımızda hələ də ağalıq edirlər. BMT rəhbərliyi ya prinsipial mövqe tutaraq münaqişənin ədalətli həllinə nail olmalı, ya da öz gücsüzlüyünü etiraf edərək kənara çəkilməli, Azərbaycan xalqının hərbi yolla öz torpaqlarını işğaldan azad etməsinə mane olmamalıdır. Bizim artıq səbr etməyə və dözməyə imkanımız qalmayıbdır. Biz səbrə “yox!”, müharibəyə “hə!” deyirik!”.

Fatimə Kərimli