Səhiyyəmizin beynəlxalq səviyyəli uğuru - Foto

sehiyyemizin-beynelxalq-seviyyeli-uguru
Oxunma sayı: 21472

28 Yanvar 2018 tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünya nüfuzlu Joint Commission International (JCI) tərəfindən “Middle East Leadership Forum”u keçirilib.

"Qafqazinfo" xəbər verir ki, 1000-ci xəstəxananın JCI tərəfindən uğurla akkreditə olunması forumun baş tutmasına səbəb olub. Forumda akkreditə edilmiş tibb müəssisələri arasından müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən edilib.

Belə ki, Gəncə Beynəlxalq Xəstəxanası “Ən gənc akkreditasiya əldə etmiş tibb müəssisəsi” fəxri adını qazanmış və xüsusi hazırlanmış fərqləndirmə nişanı ilə təltif edilib. Mükafat JCI-ın Prezidenti və CEO-su Paula Wilson tərəfindən Gəncə Beynəlxalq Xəstəxanasının Baş Direktoru T.ü.f.d. Dr. İlyas Həsənova təqdim edilib.

Gəncə Beynəlxalq Xəstəxanasının Baş Direktoru T.ü.f.d. Dr. İlyas Həsənov bununla bağlı öz fikirlərini paylaşıb:

“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün sahələrə olduğu kimi səhiyyə sahəsinə ayırdıqları diqqət və qayğı öz nəticəsini göstərir. Ölkəmizdəki tibbin inkişaf sürəti və səhiyyə sektorunda aparılan işlər beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. 2016-cı ildə Qafqazda ilk akkreditə olmuş xəstəxana ünvanını əldə etdik, yəni Amerika standartlarında tibbi xidmət göstərdiyimiz təsdiqləndi. Bu gün isə dünyanın aparıcı 1000 xəstəxanası içindən akkreditasiyadan keçən ən gənc tibb müəssisəsi kimi adımızı tarixə yazdırdıq.”

Qeyd edək ki, Gəncə Beynəlxalq Xəstəxanası fəaliyyətə başladığı tarixdən cəmi bir il sonra akkreditasiyadan müvəffəqiyyətlə keçib.

Joint Commission International bütün dünyada səhiyyə müəssisələrinin akkreditasiyasını icra edən ən nüfuzlu və etibarlı təşkilat kimi qəbul olunur. JCI qeyri-kommersiya təşkilatı 1994-cü ildə təsis edilmişdir. Baş ofisi Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşir. JCI-ın başlıca məqsədi tibb mərkəzlərində xəstəyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və xəstə təhlükəsizliyinin ölçülməsidir.

Akkreditasiya şərtləri JCI tərəfindən tərtib edilmiş və dünyanın aparıcı mütəxəssisləri tərəfindən təsdiqlənmiş 1200-dən çox kriteriya və standartlar üzrə qiymətləndirilir.

JCI akkreditə etdiyi təşkilatlarla əlaqəni kəsmir və hər 3 ildə yenidən yoxlamalar keçirir. Yoxlama nəticələrinə əsasən akkreditasiyanın yenilənməsi və ya yenilənməməsi qərarı alınır.