“Səhvən başqa adamın evinə həbs qoyublar” - Polkovnik

sehven-basqa-adamin-evine-hebs-qoyublar
Oxunma sayı: 1564

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan MTN generalları Sübahir Qurbanov və Teymur Quliyevin, onların əməkdaşları polkovnik Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayətləri üzrə məhkəmə keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə Füzuli Əliyev ifadə verib.

O deyib ki, xidmətdə olduğu müddət ərzində nə tapşırıq verilibsə, “mən əsgərəm” prinsipilə yanaşıb, yerinə yetirib: “Mənə aidiyyatı olmayan, qohumlarımın əz zəhmətli aldığı əmlakların üzərinə həbs qoyulub. Elə əmlaklar var, bankdan götürülmüş kredit hesabına alınıb, eləsi var, mən MTN-də işləməmişdən öncə alınıb. 

İstintaq heç mənim tanımadığım adamların əmlakına həbs qoyub. Gəncədə İsmət Qayıbov küçəsində bir ev var, mənim bacım oğlunun evi zənn edib üzərinə həbs qoyublar. Bacım oğlunun evi isə dörd qapı o tərəfdədir, sonradan onun da üzərinə həbs qoydular. Səhvən qoyulan həbsi də götürməyiblər. O bədbəxtin də uşağı onkoloji xəstədir, evini satmaq istəyir, sata bilmir. 

Qusarda da ümumiyyətlə, tanımadığım bir adamın əmlakını müsadirə ediblər. Elə əmlaklar müsadirə olunub ki, onlar artıq mövcud deyil, Gəncədə yolun genişləndirilməsilə əlaqədar sökülüb. 

Mənim bir şəraitsiz evimi, bir də “Grand Cherokee” markalı avtomobilimi də müsadirə ediblər. 2005-2015-ci illərdə işdən 147 min manat pul almışam. Mən bu pulla özümə bir maşın ala bilməzdim? 

Bizim barəmizdəki hökm qanunsuz və ədalətsizdir, amma heç olmasa əmlaklarla bağlı hissə ləğv olunsun”. 

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il, polkovnik Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. 

General Natəvan Mirvətovaya 5 il sınaq müddəti olmaqla şərti cəza verilib. İstintaq zamanı azadlıqda olan qadın general sərbəst qalıb. General bu hökmdən apellyasiya şikayəti verməyib.

Fərhad Atayev və Elşad Əzizova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib və onlar istintaq zamanı həbsdə olduqları üçün məhkəmə zalından azadlığa buraxılıblar. 

Anar Şirəliyev və Eşqin Əliyev apellyasiya məhkəməsi gedişatında cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün müvafiq qurumlara təqdimat verilib.

Murad Əhməd