“Səidin dəstəsi”nin üzvünün vəziyyəti kritikdir

seidin-destesinin-uzvunun-veziyyeti-kritikdir
Oxunma sayı: 646

Məlumatda bildirilir ki, hazırda bu işlə bağlı həbsdə olan Sumqayıt sakini, 1981-ci il təvəllüdlü Bəybala Yəhya oğlu Quliyevin vəziyyəti bir neçə gün öncə kəskin ağırlaşıb və vəziyyəti ağır olaraq qalır. O, hazırda səhhətindəki problemlərlə bağlı Binə qəsəbəsində yerləşən Penitensiar Xidmətin 3 saylı cəzaçəkmə müəssisəsində (vərəm xəstəliyindən əziyyət çəkən məhkumların saxlandığı müəssisə) saxlanılır. Adıçəkilən komitənin məlumatında B.Quliyevin Sumqayıt şəhər ruhi-əsəb xəstəliklər dispanserinin qeydiyyatda olduğu bildirilir. Belə ki, qeyd olunan dispanserin baş həkimi M.Tağıyev 2010-cu ilin avqust ayının 11-də adıçəkilən komitənin sorğusuna cavabında bildirib ki, B.Quliyev Sumqayıt Hərbi Komissarlığının göndərişi ilə 2004-cü ilin avqust ayında şizoid tip şəxsiyyət pozuntusu, anamnezində psixotik epizodlar diaqnozu stasionor müayinə olunub. Məlumatda qeyd olunur ki, bunlara baxmayaraq B.Quliyev 2007-ci ilin mart ayının 12-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs olunub, təxminən bir il müddətində araşdırma və məhkəmə istintaqı altında MTN-nin kameralarında saxlanılıb. Həbs olunmamışdan iki həftə əvvəl B.Quliyev Hepatit C virusuna yoluxub və xəstəliyə görə müalicə alırmış. O, həbs olunan zaman karantinə götürülüb. 2007-ci ilin dekabr ayının 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə B.Quliyev Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirilməsini, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), 218.2, (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.2.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə təqsirli bilinərək 13 il azadlıqdan məhrum edib. Onun həm də vərəm xəstəliyindən əziyyət çəkdiyi bildirilir: “Bəybala Quliyevin ruhi xəstəliyi haqqında Sumqayıt şəhərindən arayış aldıq və bu arayışı öz müraciətlərimizdə hər dəfə bütün yerli və beynəlxalq təşkilatlara nümayiş etdirirdik. Güman edirdik ki, bəlkə o zavallını azad edərlər. Hazırda Bəybala Quliyev 3 saylı cəzaçəkmə müəssisəsində ağ ciyər xəstəliyinin ağırlaşmasından ciddi əziyyət çəkir. Bu insanla bu günə kimi heç bir qurumlar maraqlanmayıb” - deyə adıçəkilən komitənin məlumatında bildirilir.
Komitədən dedilər ki, B.Quliyevin vəziyyətinin ağırlaşması ilə bağlı yeri hüquq müdafiəçilərinə məlumat verilib.