Şəkərburanın bişirilməsi üzrə ustad dərsi keçiriləcək

Şəkərburanın bişirilməsi üzrə ustad dərsi keçiriləcək
Oxunma sayı: 874

ICOM Azərbaycan Milli Komitəsinin təşəbbüsü, Azərbaycan Xalça Muzeyi və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Azərbaycan xalqının milli bayramı – Novruz bayramına həsr olunmuş maraqlı bir layihə həyata keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, layihə çərçivəsində Xalça Muzeyinin və Qala Qoruğunun xanım əməkdaşları tərəfindən Novruz bayramının atributlarından biri – şəkərburanın bişirilməsi üzrə ustad dərsi keçiriləcək.

Layihə haqqında danışan ICOM Azərbaycan Milli Komitəsinin prezidenti Şirin Məlikovanın sözlərinə görə, burada əsas məqsəd xalqımızın milli adət-ənənələrini yaşatmaq, qədim bayramımız olan Novruz bayramının keçirilməsi zamanı qədimdən qalan, unudulmaqda olan bir sıra qayda-qanunları, mərasimləri yada salmaq, milli dəyərlərimizi gənc nəslə çatdırmaqdır. Həmçinin, bu gözəl bayramın paylaşmaq, yardımlaşmaq, kütləvilik, birlik kimi əlamətlərini özündə əks etdirən adətlərinə diqqət çəkməkdir.

Tədbir zamanı hər iki təşkilatın qadın əməkdaşları Azərbaycan milli geyimlərində şəkərburanın hazırlanması prosesini əvvəldən sonadək həyata keçirəcəklər. Milli dəyərlərə hörmət və ehtiramın aşılanması, milli adətlərimizin yaşadılması, ənənələrin qorunması, xalqımızın milli bayramı olan Novruz bayramının qeyd olunması, o cümlədən Novruzla bağlı əsrlərdən günümüzə qədər gələn bir sıra ənənələrin və bayram mərasimlərinin təşkil olunması nəzərdə tutulur. Belə ki, tədbir çərçivəsində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda tonqal qalamaq, “papaq atdı”, “qapı pusdu”, “fala baxma” kimi Novruz adətlərini nümayiş etdirən kiçik səhnəciklər təşkil olunacaq. Bununla yanaşı, muğam-trio tədbirə xüsusi ab-hava qatacaq.

Tədbir Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda martın 17-də saat 14:00-da başlayacaq. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi