Səkinələri qorumasaq...

Səkinələri qorumasaq...
Oxunma sayı: 1982

Dünya Sakit

“Üzüklər qayıdandan sonra bizimkilər məni başqasına verəcəklər, bilirəm. Amma mən o adamla yaşaya bilmərəm...”

16 yaşında canına qıyan Səkinə deyir bunu. Biləsuvar rayon Ağalıkənd kəndinin sakini olan bu qızcığaz may ayında özünü asaraq həyata əlvida deyib. Təsəvvür edirsinizmi, 16 yaşında nişanlanan, sevdiyi ilə arası dəyinən, buna görə də üzükləri qaytarılmaq üzrə olan yeniyetməni valideynləri dərhal da başqasına vermək planı qurublar.

Səkinənin monoloqu kiməsə banal sevgi hekayəti kimi görünə bilər. Amma mənim üçün o qızın danışdıqları bir həyat faciəsidir. Azərbaycanın xüsusilə rayonlarında yaşanan çox acı bir gerçəkliyin üzümüzə çırpılmasıdır.

Hələ 2007-2008-ci illər idi – Yoxsulluqla Mübarizə Koalisiyası deyilən QHT birliyi vardı. Biz o birlikdəki həmkar QHT-lərlə birlikdə rayonlarda monitorinqlər aparmışdıq. Üzləşdiyimiz mənzərədən dəhşətə gəlmişdik: 10-11-ci siniflərdə oxuyan qızların böyük əksəriyyəti ərə verilirdi. Siniflərdə yalnız oğlanlar, bir də uzağı 1-2 ali təhsil almaq istəyən qızlar qalmışdı. Çox sarsılmışdıq, ona görə də həyəcan dolu təkliflər hazırlayaraq bütün əlaqədar qurumlara göndərdik. Daha sonra kampaniyalar təşkil etdik qızların vaxtsız ərə verilməsi, təhsildən yayındırılmasının fəsadları barədə. Deputatlarla görüşdük, prezidentliyə namizədlərləı görüşdük. Səsimizi maksimum çox sayda insana çatdırmağa çalışdıq. Aldığımız reaksiya bizi elə üzləşdiyimiz mənzərə qədər sarsıtdı...

Bizim 10-11 il əvvəl dediklərimizi bu gün deputat QHT-ləri, elə deputatların özləri də deyir, amma ortada real iş hələ də yoxdur: erkən ərə verilən qızlara görə heç kim cəzalanmır, təhsildən yayındırılan bu şagirdlər üçün barmağını tərpədən yoxdur. Əksinə, 9-cu sinifdən sonra oxumağı könüllü ediblər...

Nəticə çox ağrıdır. Gözəl Səkinə 16 yaşında oxumaq, ali təhsil almaq, bunlar olmadıqda belə hansısa sənətə yiyələnmək barədə düşünməliydi. Həyatda öz ayaqları üstündə durmaq qayğısını çəkməli idi, nəinki nişanının qayıtması dərdini...

Əgər oxusaydı, dünyagörüşü tamam başqa olardı. Ən azından bir oğlandan ayrılmağın həyatın sonu olmadığını dərk edərdi, zərif canına qıymazdı...

Valideynləri qınayıram. Rayon yerlərində nişanı qayıtmağı az qala ərdən boşanmaq həddinə çatdıran böyükləri suçlayıram. Nəhayət, birindən üzüyü hələ qayıtmayan qızını başqasına verməyə hazırlıq görən ata-ananı suçlayıram. Nə qədər amansız, nə qədər cahil olasan ki, qızının hissləri ilə maraqlanmadan onu tez-tələsik başqasına ərə verməyə çalışasan. O qızını ki, oxuyub yaxşı bir həkim, müəllimə, ən pis halda dərzi, tibb bacısı, daha hansı gözəl peşənin sahibi olardı. 

Faciə tək Səkinənin, onun ata-anasının deyil, bütün cəmiyyətimizindir, Azərbaycanındır. Gələcəyimizi qaranlığa qərq edir bu vəziyyət. Bu zülmətin durdurulması lazımdır, əks halda, Səkinələrin sayı artacaq, özü də sürətlə. Kimisi nişanı qayıdanda canından bezəcək, kimisi ər evindən atası evinə göndəriləndə, kimisi də elə ər evində gördüyü əziyyətlər üzündən. Başını götürüb qaçanlar da olacaq – cəmiyyət onda da düşəcək üstünə, hamı qınayacaq, asıb-kəsəcək, söyəcək. Bir deyən olmayacaq ki, ay balam, günü xoş keçən insan niyə evindən-eşiyindən qaçsın axı?!

Gəlin bütün etiraz gücümüzü indi göstərək, hələ də gec deyil, heç vaxt gec olmayacaq...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi