Seks, kriminal, din...

seks-kriminal-din
Oxunma sayı: 3535


Min illərdir ki, bu üç mövzu bəşəriyyəti əməlli-başlı girinc edib... 

İnsan öz intim dünyası ilə bağlı yeni-yeni sirlər öyrənməkdən vəcdə gəlir, onu cəmiyyət içərisində utandıran mövzulara inanılmaz maraq göstərir. Yəqin ki, “Payızaqədər” və “Gənc ailənin sirləri” adlı kitablar nisbətən yaşlı nəslin xatirində olar. Onda nə pornoqrafik videolar vardı, nə də bu mövzudan bəhs edən çap məhsulları. Hər iki kitabın satışına yüksək dövlət instansiyaları tərəfindən qadağa qoyulsa da, bu kitablar demək olar ki, bütün respublikaya yayıldı. Adamlar kişi ilə qadının ən həssas münasibətlərini kitab səhifəsində görüb şaşırmışdılar. Kitab da belə şey yazarmı? Görəsən bu “pozğun kitabların” nəşrində məqsəd nə idi? Yadımdadır, bir dəfə kitabların müəllifi Allahverdi Eminovla həmsöhbət olmaq qismət oldu mənə. O, cəmiyyətin ən həssas damarını tutmuşdu və imkan versəydilər kitabların tirajını milyona çatdırardı. 

Amma dünya bu prosesi çoxdan keçmiçdi. Hələ Z.Freydin zamanında seksin bütün fəaliyyətlərin mərkəzində dayandığı elm üçün ciddi faktora çevrilmişdi. Bu nəzəriyyəyə görə böyük alimi təhdid etsələr də, onun yazdıqları əl-əl gəzir, beyinlərdə inqilab yaradırdı. Freyd insanı sözün yaxşı mənasında biabır eləmişdi! Bunu qəbul etmək çətin idi. Ancaq qəbul etmək nə qədər çətin idisə, maraq göstərməmək ondan da çətin idi. 

İnsan özünü tanımağın, xüsusən öz intim dünyasının sirlərinə bələd olmağın zəlilidir. Bu həmişə belə olub. Böyük ədəbiyyatçılar insanların bu şeytani ehtirasından ustalıqla istifadə ediblər.     

Bəs günahkar axtarmaq ehtiyacı haradandır adamlarda? Bəlkə, onlar qətlə yetirilmiş arzularının qatilini axtarırlar? Bəzən isə əksinə, qatilin tərəfində durur, onun ələ keçib ifşa olunmasını istəmirlər. Hətta qatil olmağı da bacarırlar. Bir sözlə bəşəriyyət bu mövzuya da eynən seks kimi laqeyd qala bilmir. Ya tərəfindədir, ya qarşısında! Hər iki halda isə mövzunu işləyən usta yazıçının qarmağındadır.

Bu səbəbdəndir ki, detektiv kitablar satış sayına görə digərlərinə meydan oxumaqdadır. Ciddi yazıçılar isə detektiv əsərləri ədəbiyyat saymırlar. 

Din də beləcə! Dini əsərlər də sırf seksdən və kriminaldan bəhs edən əsərlər kimi ciddi ədəbiyyat sayılmır. Ancaq bu mövzu da insanların ən həssas yeridir. Allah doğrudan da varmı? Cənnət-cəhənnəm moizələri nə qədər realdır? Səmavi kitablar nəyi demək istəyir? Bəs din xadimlərinin danışdığı əhvalatlar nəyi yansıdır? Bu qədər yollar və təriqətlər doğrudanmı ilkin müqəddəs başlanğıca aparır? Dində inkarçılıq bəşəriyyəti qışqırdır. Ən günahkar adamların da içində Allahı – öz müqəddəsini qorumaq instinkti vardır. 

Dünyada bəhs etdiyimiz bu üç mövzunun ən azı birinə toxunmadan keçən böyük yazıçı tapmaq mümkün deyil. Əksinə, bəzən bu mövzuların ikisini bir araya gətirən, bəzən isə hər üçündən bəhs edən böyük əsərlərlə qarşılaşırıq. 

Ancaq bu əsərlərdə seks, kriminal və dindən yazmaq başlıca məqsəd deyil. Bu əsərlərdə hər üç mövzu sadəcə yazıçının irəli sürdüyü ideyaya qulluq edən vasitələrdir

Müasir örnək kimi Orxan Pamukun “Mənim adım qırmızı” əsərini göstərmək olar. Romanda Şəkurə öz sevgilisi Karaya bircə şərtlə sevgili olacağını bildirir: atasının qatilini taparsa! Beləliklə oxucu eyni anda iki ciddi hadisə gözləyir: həm qatilin tapılmasını, həm də Kara ilə Şəkurənin nəhayət ki, fiziksəl olaraq qovuşmasını... Usta yazar bəhs etdiyi dövrün nəqqaşlarının yazdığı müqəddəs mətnlər və çəkdiyi miniatürlərlə dinə də “sataşır”, qəlibləşmiş dəyər daşıyıcılarını qıcıqlandırır.

Belə görünür ki, seks, kriminal və din uzun zaman ədəbiyatı məşğul edəcək. Ancaq əsl ədəbiyyat heç vaxt öz ideallarını bu mövzulara dəyişməyəcək. Əksinə bu mövazuları öz idealları üçün “uf” demədən kullanacaq...