Səlim Müslümov əmək pensiyalarındakı artımı şərh etdi

selim-muslumov-emek-pensiyalarindaki-artimi-serh-etdi
Oxunma sayı: 675

Fevralın 9-da “Media forum” saytına açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib ki, 2012-ci il yanvarın 1-nə olan bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək: “Bununla yanaşı sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 5 milyon manat, il ərzində isə 60,3 milyon manat əlavə vəsait tələb olunacaq. Bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb.

Artımın əvvəlki illərdə həyata keçirilən artımlardan fərqi daha böyük kontingenti əhatə etməsidir. Ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artıb, onların da pensiyasının sığorta hissəsi yaradılıb və hazırda pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir. Ümumilikdə isə artımlar fərqli olacaq. Yəni kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı daha yüksək olacaq”.

Prezident İlham Əliyev fevralın 8-də sərəncam imzalayaraq Dövlət Sosial Müdafiə Fonduna tapşırıq verib. Fond 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməli və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.