Səlim Müslümov şöbə müdirlərinə ciddi tapşırıq verib

selim-muslumov-sobe-mudirlerine-ciddi-tapsiriq-verib
Oxunma sayı: 649

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, ilk belə müşavirə Ağdam rayonunda keçirilib. Müşavirədə DSMF sədri Səlim Müslümov, Fondun digər rəhbər şəxsləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, Fondun Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Tərtər, Laçın, Yevlax və Xocavənd rayon şöbələrinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən S. Müslümov bildirib ki, pensiya artımlarının əhaliyə çatdırılmasını vaxtında təmin etmək üçün Fond tərəfindən hazırlıq tədbirləri həyata keçirilir. Yenidən hesablama 01.01.2010-cu ilədək mövcud olan bütün pensiya işlərinin hər birinə yenidən baxılmasını tələb edir ki, bu da Azərbaycanın pensiya tarixində hazıradək analoqu olmayan bir tədbirdir və görüləcək iş çox böyük texniki həcmə malikdir. Bütün bunlara baxmayaraq, DSMF prosesin maksimum tez yekunlaşmasını hədəf seçib və Fondda mövcud olan avtomatlaşmış idarəetmə sistemi bu işin icrasına böyük təkan verəcək. S. Müslümov vurğulayıb ki, artıq pensiyaların yenidən hesablanmasını yüksək səviyyədə icra etmək məqsədilə xüsusi komissiya yaradılıb və komissiyanın gərgin əməyi sayəsində qısa müddət ərzində Bakının rayonları, Abşeron rayonu və Sumqayıt şəhəri pensiyaçılarının məlumatlarının dəqiqləşdirilməsi prosesi başa çatıb. Hazırda ölkənin digər rayonlarında yaşayan pensiyaçılar üzrə staj məlumatlarının dəqiqləşdirilməsi prosesi həyata keçirilməkdədir. Burada əsas məqsəd DSMF-nin avtomatlaşdırılmış bazasında pensiyaçılar haqqında olan məlumatların kağız daşıyıcılarında (mərkəzləşdirilmiş arxivdəki pensiya işlərilə) olan məlumatlarla tutuşdurulmasıdır.

S. Müslümov şöbə müdirlərinə əhalinin bu istiqamətdə olan hər hansı müraciətinin diqqətlə araşdırılması barədə ciddi tapşırıqlar verib. O bildirib ki, hər bir şöbə üzrə vətəndaşların ərizə və şikayətlərinə ən qısa müddətdə baxılmalı, ərizələr diqqətlə araşdırılmalı, şöbələrin rəhbərliyi tərəfindən vətəndaşlar məhdudiyyətsiz qəbul olunmalı və bütün müraciətlər üzrə təcili tədbirlərin görülməsi təmin olunmalıdır. Fond sədri belə müşavirələrin digər bölgələrdə də keçiriləcəyini nəzərə çatdırıb.

Müşavirədə digər çıxışlardan sonra əhalinin nəzərdə tutulan artımlarla bağlı yerlərdə məlumatlandırılması, mümkün narahatlıqların vaxtında qarşısının alınması üçün əhali ilə işin daha da gücləndirilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Nigar Məmmədli