“Səməd Seyidov niyə hədəf seçildi?” - Deputatlar dəstək oldu

semed-seyidov-niye-hedef-secildi
Oxunma sayı: 1890

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  bir sıra üzvlərə, o cümlədən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanskiya tətbiq etməsi ilə bağlı geniş müzakirələrə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, çıxış edən deputat Fəzail İbrahimli qeyd edib ki, beynəlxalq hüquq artıq güclərin yedəyində gedir: “ AŞPA-nın son qərarı da məhz bu yedəyin bir göstəricisidir. Səməd Seyidov niyə hədəf seçildi? Çünki ilk öncə Azərbaycan nümayəndə heyətinin rəhbəri idi. İkincisi də, onun bir çox şəxsi müsbət keyfiyyətləri var idi ki, onu qəbul etmək istəmirdilər. Çünki AŞPA-dakılar qarşılarında zavallı, yazıq, gücsüz görkəmdə olan insanların dayanmasını istəyirlər. Səməd Seyidov isə belə insan deyildi. Ona görə birbaşa hədəf seçildi”.

Deputat Sahibə Qafarova son qərarı Azərbaycan qarşı qara piar kampaniyasının tərkib hissəsi adlandırıb: “Bu qərarlar heç bir nəticə verməyəcək. Biz bu qərarları qəbul etmirik. Bu, AŞPA-nın əslində öz missiyasına ziddir”.

Spiker Oqtay Əsədov isə bunları deyib: “Görürəm ki, hamınız eyni nota köklənmisiniz. Mətbuata baxırsan ki, bəzi“vətənpərvərlər” bundan bayraq kimi istifadə edirlər. İki il əvvəl  AŞPA-nın iclası Bakıda keçiriləndə biz Qarabağa  qanunsuz səfər edən deputatın burada iştirak etməsinə icazə vermədik. Dərhal bizə qarşı sanksiya tətbiq etdilər ki, iki il Bakıda AŞPA-nın tədbirlərinə icazə verilməyəcək. Nə oldu? Bir il sonra özləri peşman oldular. Bizdə iclas keçirmək istədilər. Mən dedim ki, dayanın, biz sanksiya altındayıq, olmaz. İndi də belə . Bu sanksiya da bizə yenə təsir göstərməyəcək. Səməd Seyidovun fəaliyyətinə bələdik. Ona fəaliyyətinə görə təşəkkür edirik. O da, Azərbaycan nümayəndə heyəti də fəaliyyətini bundan sonra davam etdirəcək”.

Günel Türksoy