Səməd Seyidovun universitetində virtual çatışmazlıq

semed-seyidovun-universitetinde-virtual-catismazliq
Oxunma sayı: 652

Dövlət orqanları və bələdiyyələr, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibləri hesab olunur. İnformasiya sahiblərinin veb resurslarının olmaması və yaxud qanunvericiliyin tələblərinə uyğun gəlməməsi informasiyanın əldə olunmasına maneə kimi qiymətləndirilə bilər.

Universitetlər də informasiya sahibləri hesab olunur və onlar da rəsmi saytlarını yaratmalı, qanunun tələb etdiyi məlumatları rəsmi veb səhifələrində informasiya əldə etmək istəyənlər üçün açıqlamalıdır.

Bu yazıda çalışacağıq ki, Azərbaycan Dillər Universitetinin rəsmi veb səhifəsindəki çatışmazlıqlara nəzər yetirək. Azərbaycan Dillər Universitetinin saytına (www.adu.edu.az) daxil olduqda baş səhifədə rektor Səməd Seyidovun “salamlama məktubu” ilə tanış oldum. Müraciətin ilk cümləsində qeyd olunur ki, “Azərbaycan Dillər Universiteti Azərbaycanda xarici dil mütəxəssisləri, müxtəlif sahələr və beynəlxalq münasibətlər sahəsində peşəkar mütəxəssislər hazırlayan yeganə Universitetdir.” Lakin ilk baxışdan sayt ziyarətçidə “peşəkar mütəxəssislər hazırlayan yeganə Universitet” haqqında heç də yaxşı təəsürat yaratmır.

Universitetin rəsmi veb səhifəsində rastlaşdığımız çatışmazlıqları təqdim edirik:

- Universitetin rəhbərliyi, fakultələrin dekanları, kafedra müdirlərinin bioqrafiyaları, əlaqə vasitələrinə saytda rast gəlmək olmur.
- Ümumiyyətlə universitetlə əlaqə saxlamaq üçün faks nömrəsi və poçt indeksi yoxdur.
- Universitetin yerləşdiyi ünvanın xəritə sxemi, ora getmək üçün hər hansı ictimai nəqliyyatdan istifadə ilə bağlı da informasiya verilmir.
- Rəhbərlik və universitetlə birbaşa onlayn əlaqə saxlamaq üçün texniki imkan yoxdur.
- Universitetin tarixi haqqında bölmə və məlumat olsa da təhsil müəssisəsinə əvvəllər rəhbərlik etmiş şəxslər haqqında məlumat verilməyib.
- “Missiyamız” bölməsində də məlumat qıtlığı var. Bu bölməyə daxil olduqda belə təsürat yaranır ki, universitetin əsas missiyalarından biri məhz “Siqaretsiz universitet siyasəti”ni həyata keçirməkdir. Hər halda “Missiyamız” bölməsində yazılmış “Siqaret çəkmək xüsusi otaqlar istisna olmaqla unversitetin bütün yerlərində qadağandır” cümləsi bunu deməyə əsas verir.
- Universitetin strukturu bölməsi olsa da bu bölmədə də heç bir məlumat yerləşdirilməyib.
- “Rektorluq”, “Tələbə şöbəsi”, “Magistatura şöbəsi”, “Müəllim Həmkarlar Təşkilati”, “Cədvəl”, “ Tədqiqat ”, “Aspirantura”, “Dərs qeydiyyatı və davamiyyət qaydalari”, “Akademik görüşlər” bölmələri olsa da heç bir informasiya yerləşdirilməyib. Qeyd olunur ki, sayt 2010-cu ildə hazırlanıb. Buna baxmayaraq bu bölmələr 2 ildir ki, boşdur.
- Saytın bölmələri və alt bölmələr çox səliqəsiz və nizamsızdır. Hətta bəzi alt bölmələr digərinin üzrərinə düşür ki, bu da istifadçinin rahatlığına maneə törədir.
- Universitetin kitabxanası haqqında ümumi məlumatlar verilsə də kitabxana ilə əlaqə saxlamaq üçün əlaqə vasitələri verilməyib.
- “Mərkəz və muzeylər” bölməsi olsa da bu bölmənin daxilindəki bir çox alt bölmələrdə məlumat yerləşdirilməyib.
- “Foto” bölməsində tədbir və görüşlərdən bir neçə foto yerləşdirilmişdir ki, bu da universiitet haqqında dolğun təəssürat yaratmır. Universitetin maddi-texniki bazası, ümumi görünüşü ilə bağlı şəkillər əks olunmayıb. Saytın “Video” bölməsi də işləmir.
- Maraqlıdır ki, saytda “İş elanları” bölməsi də fəaliyyət göstərir. Lakin bu linkə daxil olan şəxslər də heç bir məlumatla tanış ola bilmirlər. Bir bölmə də diqqətimi cəlb etdi-“bizə qoşulun”. Bu bölmənin nə üçün yaradıldığını bilmək üçün daxil olanda da boş bir səhifə ilə rastlaşdım və müəmmalı qaldı ki, görəsən bu səhifəni nə üçün yaradıblar?...
- Universitet daxili əmr və qərarlarla bağlı da məlumat yoxdur
- “Mətbuat xidməti” bölməsi olsa da Universitetin mətbuat xidməti ilə əlaqə saxlamaq üçün heç bir məlumat yoxdur.
- Rektorun və digər səlahiyyətli şəxslərin qəbul günləri haqqında bilgi yoxdur.
- Digər qurumların internet saytlarında olduğu kimi, Azərbaycan Dillər Universitetinin saytında da büdcə və onun icrası haqqında rəqəmlərə rast gəlmək mümkün deyil.
- Saytın texniki göstəricisi olduqca zəifdir və əks əlaqə üçün onlayn formanın olmaması saytın keyfiyyətini aşağı salır.

Saytda olan çatışmazlıqlarla bağlı daha çox yazmaq olardı. Çünki boşluqlar kifayət qədərdir. Lakin, hesab edirəm ki, ilk öncə qeyd etdiyimiz çatışmazlıqlar aradan qaldırılmalı və sayt işlək vəziyyətə salınmalıdır.

Eyvaz Qocayev
Qafqazinfo.az üçün