Sən də qatil olmaq istəyirsən?..

sen-de-qatil-olmaq-isteyirsen
Oxunma sayı: 1689

Vahid Qazi

“Şahmat taxtasında beysbol” yazısından bir hissə.

On yaşlı oğlum məktəbdə kağızdan düzəltdiyi ucu şiş, gövdəsi yoğun “qanadlı raketi” bağışlayıb məni 23 fevral “kişilər günü” münasibətilə təbrik elədi. Üstünə Azərbaycan bayrağı çəkilmiş raketin aşağısındakı uzun nərdivan onun nəhəngliyindən xəbər verirdi. Özü də sovetin SS-20 uzaqvuran raketinə oxşayırdı. Urandan alınan o zəhrimarı da əlavə eləyəndə buna atom bombası deyirlər…

Hədiyyəni qəbul etsəm də, 23 fevralın 1920-ci ilin aprelində müstəqilliyimizə son qoyan, 70 il bizi əsarətdə saxlayan, 1990-cı ilin yanvar qırğınını törədən, Qarabağın işğalında ermənilərə kömək edən sovet ordusunun, yəni bizə yad, düşmən bir ordunun yaranma tarixi olduğunu dedim oğluma. Bu naftalin qoxulu “23 fevral bayramı” söhbətinə görə mənim adımdan müəlliminə etirazımı bildirməsini tələb etdim.

Sonra niyə məhz raket düzəltməsiylə maraqlandım. Onunla söhbətdən qısa bir dialoqu olduğu kimi yazıram.

– Niyə ayrı şey yox, raket düzəltdin?

– Xoşuna gəlmir?

– Gəlir. Maraqlıdır.

– Bunun əsli olsa, atarsan Ermənistana?

– Niyə?

– Mən ataram.

– Bilirsən nə qədər şəhər, kənd dağılar onda?

– Dağılsın! Bəs onlar Ağdamı niyə dağıdıblar? Yadına gəlir, bir kaset gətirmişdin, nənəm sağıydı onda, baxıb necə ağlamışdı?

– Sən bu raketi atsan, orda da çoxlu adam öləcək. Analar, atalar, nənələr, babalar, uşaqlar öləcək.

– Ölsün! Xocalıda qocaları öldürəndə, uşaqların gözünə siqaret basanda, qulaqlarını, başlarını kəsəndə yaxşıydı?

Bu sözləri ona mən deməmişdim. 10 yaşlı uşağa deyə bilməzdim… Ev, yol, məktəb, radio, televiziya… O faciənin ağır hənirtisinin gələn vaxtıdı – üç gündən sonra Xocalı qırğınının ildönümü idi.

– Onu eləyənlər başkəsəndi, qatildi, sən də qatil olmaq istəyirsən? Uşaq öldürən, ata, ana öldürən qatil?

“Qatil” sözünü ağzımdan elə çıxardım ki, sanki udmağa hazırlaşdığımın murdar olduğunu bilib qaytarırdım. Bu sözün mənasını tam anlamasa da, pis bir şey olduğunu sifətimdən oxudu. İzah etdikcə fikrə getdiyini gördüm. Sualıma cavab vermədi. Əvəzində məni daha qorxulu sual yaş dəsmal kimi bürüdü: “Evimdə QATİLmi böyüdürəm?“