Sən ki, cavan deyilsən...

sen-ki-cavan-deyilsen
Oxunma sayı: 1660

Elsevər Məmmədov

İllərin çətin sınaqlarından keçib. 70 illik qocaman bir həyatı, keşməkeşli bir tarixi var. Nələr görməyib, nələr?

15 dövlətin birləşdiyi SSRİ-nin tərkibində güclülərə qarşı Azərbaycanı təmsil edib. Banişevski kimi əfsanənin formasını tərlətdiyi komanda olub. Kimlərin bu “ağ-qara” formanı geyindiyini saymaqla bitməz... Elə müstəqillik illərində də çox çətinliklər görüb. Azərbaycan çempionatında indiyə qədər baş tutmuş bütün mövsümlərdə mübarizə aparan 2 komandadan biridir. Zaur Tağızadə kimi “qızıl oğlan”ın sadiq qaldığı, böyük pullar qarşılığında başqa kluba keçmədiyi sevgidir. Erməniləri udub Birlik Kubokunu qazanan, ermənilərin qorxub qaçdığı, meydana çıxmaqdan imtina edib gecə ilə İrəvana yollanmağına səbəb olan komandadır. İndiyə qədər alnıaçıq, başı dik durub. Amma bu qoca ağaca indi balta vurmaq üçün “əldən-ayaqdan gedənlər” var. Özü də müqavimət göstərmir. Sanki əlləri əsir, ayaqları titrəyir.

Əvvəlki tək hər kəs də ondan qələbə gözləmir. “Ehh qocalıb, taqəti qalmayıb“ sözünə bənzər uduzacaq da onsuz” deyənlərin sayı çoxalır. Yoxdur əvvəlki futbolçular, inam, azarkeşlər, rəqabət, iddia. 7-8 gəncin ümidinə qalıb. Potensialları olsa da, təcrübəsizlik komandanı quyunun dibinə sürükləyir. Görmədiyi günlərə düşüb. 7-ci pillədən bir zamanlar nadir hallarda uduzduğu rəqiblərinə aşağıdan yuxarı baxır. Rəhbərlik də baş məşqçiləri hava kimi dəyişir. “Poliqona” çeviriblər “Neftçi”ni.

Sanki yoxlayırlar kimin məşqçilik qabiliyyəti var, kimin yoxdur. Samir Əliyevi 2-3 uğursuz oyuna görə vəzifəsindən göndərənlər, Əsgər Abdullayevlə də eyni cür davrandılar. Legionerləri də faydasız, əzik, çürükdür. Ötən yay klubun 2 missioneri yarım gündən də çox müddətə Atlantik okeanını keçib futbolçularının bütün dünyaya yayıldığı Cənubi Amerikaya səfər etdi ki, seçim edib kluba kömək edə biləcək 1-2 oyunçu gətirsinlər. Gətirə-gətirə kimi gətirdilər? Aylton da Silvanı. Hansı ki, bir oyunda ən azı rəqibə qol imkanı yaradacaq 2-3 səhvi olur. Artıq “Sumqayıt”ın gününə düşən “Neftçi” görməyə başlayırıq.

Elxan Məmmədovun adamlarından olan Elnur Məmmədovun idarə etdiyi klub illərdir lazımsız olan, heç bir xeyrini görmədiyimiz “gənc futbolçulara özünü göstərmək imkanı yaradırıq” deyilən “gənclik şəhəri”nin təmsilçisinə oxşamağa başlayır. Sən ki, cavan deyilsən. Tarixində şanlı qələbələrin var. Avrokuboklarda ilk dəfə qrupa düşüb futbol tariximizə qızıl hərflərlə yazılan o anları bizlərə yaşadan qocaman bir keçmişə sahibsən. Çempionatda rəqabət yaradacaq, futbol ab-havası yaşadacaq məharətin var. Çempionatın “şah əsəri” olan “Böyük oyun”un tərkibisən.

Bilirəm ki, məşhur bir mahnıda deyilən bu cümlə ilə səni sevən hər kəs razılaşar: “Ötən günlərini qaytaraydılar, gələn günlərini qurban verərdin”.