Sən kimsən ki, Allahın verdiyi canı alırsan?

sen-kimsen-ki-allahin-verdiyi-cani-alirsan
Oxunma sayı: 3291

Seymur Verdizadə

Radikalizmə qarşı mübarizə zamanın tələbinə çevrilib. Yad ideologiyaların ölkəmizə ayaq açması ciddi fəsadlar törədir. Adam tanıyıram ki, uzun illərdi doğma atası ilə küsülüdü. Təriqətlərə qoşulduqdan sonra valideynlərindən imtina edən oğulların sayı getdikcə artır. Yeniyetmə və gəncləri cənnət vədi ilə “müjdələyən” işbazlar gözümüzün qabağında neçə-neçə ailənin çırağını söndürüblər...

Mən, Azərbaycan hakimiyyətini tez-tez tənqid edirəm. Amma insaf naminə deyək ki, ölkəmizdə insanların dini ayinləri yerinə yetirməsinə heç kim maneçilik törətmir. Bu gün Azərbaycanda 2 mindən artıq məscid fəaliyyət göstərir. Məscidlərin hamısı “mavi” yanacaqla pulsuz təmin olunur. Ölkəmizdə fəaliyyət göstərən kilsələr də, sinaqoqlar da dövlət qayğısı ilə əhatə olunublar. Tolerantlıq Azərbaycan xalqının qanındadır. Yolum ildə 3-4 dəfə Quba şəhərinə düşür. İndiyə kimi bir neçə dəfə “Qırmızı qəsəbə”dən reportaj hazırlamışam. Qəsəbə sakinləri dünyaya yenicə göz açmış övladlarına Lalə, Nərgiz, Aygün adını verirlər. Bizə “tolerantlıq dərsi” keçən adamlar zəhmət çəkib, bir dəfə də bu barədə danışsınlar. Ölkə ərazisində yaşayan azsaylı xalqların, kiçik etnik qrupların hörmətini qazanmaq üçün böyük ürək sahibi olmaq lazımdır.

Bu yaxınlarda radikal dini təriqətlərin təsiri altına düşmüş bir gənclə tanış olmuşam. Biz sonuncu dəfə görüşəndə dedi ki, ən böyük arzusu Suriyaya gedib, Əsəd rejiminə qarşı vuruşmaqdı. Səbəbini isə belə izah etdi: “Əgər Suriyada həlak olsam, cənnətə düşəcəyəm”.

Bəzi təriqətlər yeniyetmə və gənclərimizin dini biliklərinin azlığından istifadə edib, onları yoldan çıxarırlar. Halbuki kimin cənnətə, kimin cəhənnəmə gedəcəyinə Allah-Təala qərar verir. İnsanları “cənnətə göndərmək” Allahın işinə qarışmaqdır. Əminəm ki, həmin adamlar bu dünyada olmasa da, o biri dünyada layiq olduqları cəzanı alacaqlar. Hazırda məni başqa məsələ narahat edir. Əgər Suriyada ölməklə cənnəti qazanmaq mümkündürsə, niyə özünüz sinənizi güllə qabağına vermirsiniz? Məncə, yeniyetmə və gənclərimizi cənnət vədi ilə alovun içinə atan bu adamlara qarşı təkcə rəsmi qurumlar deyil, həm də cəmiyyət mübarizə aparmalıdır. Azərbaycana uzanan yad əlləri dibindən kəsmək lazımdır. Həmin əllərin mənim ölkəmdə nə işi var?!

İŞİD yaraqlılarının törətdikləri vəhşiliklər barədə videogörüntülər tez-tez sosial şəbəkələrdə qarşımıza çıxır. Saqqalında bitlər dolaşan quldurun biri “Ya Allah” deyib, məzlum insanların başını kəsir. Ortaya sual çıxır: sən kimsən ki, Allahın verdiyi canı alırsan? Sən özün indiyə kimi bir çınqıl parçası yarada bilmisənmi? Səni yaratdığı üçün Allaha şükür etmək əvəzinə ona qarşı çıxmaqla nə qədər naşükür olduğunu göstərirsən...

Mən gənc olanda Azərbaycanda İslam dininin mahiyyətini bilən adamların sayı iki əlin barmaqlarını keçmirdi. Amma son 10 ildə ölkəmizdə çoxlu sayda din alimi yetişib. Hazırda həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, həm Qafqaz Müsəlmanları İdarəsində, həm də Bakı İslam Universitetində xeyli savadlı dinşünas var. Demək istədiyim odur ki, İslam dini ilə bağlı ortaya çıxan suallara cavab tapmaq üçün nə yaxınlıqdakı İrana, nə də uzaqdakı Ərəbistana getməyə ehtiyac var...