Sən o qızın qara gözləri...

Sən o qızın qara gözləri...
Oxunma sayı: 2720

Qismət

(futuristik fantaziya)

Saqqalı həndəsi dəqiqliklə qırxılmış tele-aparıcı alnında puçurlanan təri operatora göstərib gileyləndi: 

- İşıq məni birtəhər elədi, qoy silsinlər, sonra başlayaq. Alın təridir e bu!

Hamı gülüşdü. Zülmətin içindən eynəkli bir qız peyda olub aparıcının alnına dəsmalla bir-iki öpüş qondurdu, sonra qəfildən toza dönüb öz qaranlığına qayıtdı. Operator işarəni verdi, çoxdandı elanı gedən yeni yarışma proqramı başladı.

“Əziz tamaşaçılar, ay mənim canlarım, hər birinizi xoş gördük! Məndən ötrü darıxmışdız? (Alqışlar) Mən də sizin üçün darıxmışdım. Ona görə gecə-gündüz yatmadıq, sizin üçün yeni bir yarışma proqramı yaratdıq. Bundan sonra hər cümə günü, həmişəki kanalda, həmişəki saatda “Mərhəmət-şou” adlı yeni, bənzərsiz yarışma proqramı ilə qarşınızda olacağıq. Alqışları eşitmirəm! (Sürəkli alqışlar) Var olun, mənim canlarım! İnanın, mən də sizin kimi həyəcanlıyam. Gəlin həyəcanımızı azaltmaq üçün əvvəlcə sponsorlarımızla tanış olaq, onlara burdan təşəkkür edək. Beləliklə, “Xeyir-şər” çiçək dükanına, “Çırtaçırt” günəbaxan tumlarına, “ÇıqQan” qadın bezlərinə,  “Qullab” siqaretlərinə, “Kəs-kəs” gözəllik salonuna və nəhayət “Şıdırğı” şadlıq sarayına dərin təşəkkürlərimizi bildiririk. Onu da qeyd edim ki, yarışmamız haqqında daimi yenilikləri, hər həftənin icmalını gopabas.az saytından izləyə bilərsiniz. Xahiş edirəm hamısını alqışlayaq. (Alqışlar) İndi isə gəlin əvvəlcə “Mərhəmət-şou”nun ustad jürisi  təqdim edim, sonra sizi qaydalarla tanış edəcəm. 

Verilişimizdə illərin sınağından çıxmış, ümumxalq sevgisi qazanmış, efir məkanımızın, mən hətta deyərdim mədəniyyətimizin simvolları olan iki nəfər jüri var. Gəlin bir-bir onları çağıraq. Beləliklə, göz yaşından yoğrulmuş şeirləri neçə nəslin yetişməsində müstəsna xidmətləri olan qocaman şair Zaur Təhminəni dəvət edirəm. (Alqış) Şair öskürə-öskürə zala daxil olur, səhnəyə salam verir.

- Xoş gəlmisiz, ustad. 

- Xoş gördük, hamınızı. (alqışlar) Bilirsən, sən məni təqdim edəndə dedin ki, qocaman şair, mən qocalmaq bilmədiyim üçün el arasında mənə DinoZaur da deyirlər. (Gülüşmə, alqış) 

Görürsünüz, əziz tamaşaçılar, ustad sözü belədir, bir cümlə ilə zala ələ aldı. Buyurun, ustad yerinizə keçin. Keçək ikinci sənətkarımıza, o estradamızın ən cəsarətli xanımlarından biridir, onun kliplərini milyonlar bəyənib, onu hamınız əvvəlcə “Sənsizlik”, sonra “Sənsizəm”, dalınca “Səninləyəm”, ardınca isə “Sənsizlədim” kimi bir-birinə bənzəməyən mahnılarla sevmişik, beləliklə, alqışlarla qarşınızda Sevgi Hicran. 

- Xoş gəlmisiz, Sevgi xanım.

- Xoş gördük, hamınızı mənim əziz xalqım. Çoxdandı xalqımızın qarşısına çıxmırdım, amma sevgidə hicran nə qədər uzun olsa, vüsal o qədər şirin olur. (Alqışlar) Yeri gəlmişkən, burdan mənə həmişə mənəvi dəstək olan dəyərli biznesmen Vüsal Qadasıyevə salam göndərirəm.

Biz də salam göndəririk və sizi alqışlarla yerinizə alırıq. Bəli, əziz tamaçılar yarışmamızın başlamasına az qaldı. Gəlin vaxtı uzatmadan qaydalara keçək. Verilişimizdə hər həftə milyonlar insan arasından seçilən 5 nəfər iştirak edəcək. Onlar bax bu gördüyünüz səhnədə öz hazırladıqları ssenari üzrə dilənəcəklər, bəli, düz eşitdiniz, məhz dilənəcəklər!İnsanlarda ən çox mərhəmət oyandıran, duyğu istismarını ən yaxşı bacaran yarışmaçı sizlərdən gələn sms-lərin və ustad jürimizin rəyləri ilə növbəti mərhələyə keçəcək. Şüarımız isə belədir: “Burda nə var ki?” (Alqışlar) İlin axırında yalnız bir nəfər, ən yaxşı dilənən kəs qalib olacq və biz həmin adama şirkətimiz tərəfindən böyük bir mükafat verəcəyik. Mükafatımız bilirsiz nədir? Bilirsiz nədir? Mükafatımız bizim kanalda iki saatlıq efir vaxtıdır. (Gurultulu alqışlar)

Mən çox vaxtınızı almaq istəmirəm, səhnəyə ilk dilənçi namizədini dəvət etmək istəyirəm. Buyursun, gəlsin görək bizə nə hazırlayıb. 

- Xoş gördük sizi, əvvəl özünüzü təqdim edin.

- Xoş gördük hamınızı, adım Məhəmməd, soyadım Hadidir. Şairəm.

- Əvvəllər dilənmisiz heç?

- (utanaraq) Xeyr

- Bu gün bizə nə hazırlamısınız?

- Şeirlərimi satmaq istəyirəm...

Zaur Təhminə yerdən etiraz edir: 

- Bundan dilənçi olmaz, bunu çəkməyək, göndərin getsin.

Şairi üzüsulu yola salırlar.

Aparıcı yenidən hazırlaşır, işarə verilir və yenidən çəkiliş başlayır. 

Mən vaxtınızı almaq istəmirəm, gəlin ilk yarışmaçımızı çağıraq, görək bizə nə hazırlayıb. Buyurun, gəlin.

- Əvvəlcə özünüz təqdim edin

- Adım Kifayətdir, üç uşaq anasıyam, kirayədə qalıram, ərimdən ayrılmışıq, vəziyyətim pis olduğu üçün...

- Ay qız, neynirsən? Hələ yarışma başlamayıb, maşallah çox qoçaqsan. Alqışlar Kifayət xanıma. (Gurultulu alqış) Bizə nə hazırlamısan?

- Mənim ssenarim belədir, deməli mən aktrisayam, artıq sağaldığım bir xəstəliklə bağlı diaqnoz vərəqələrinin, boş dərman qutularının və ən əsası çarpayıdan qəmgin-qəmgin baxan fotomu bank rekvizitlərimlə birgə tanış aparıcılar vasitəsilə tele-kanallarda, dost-tanışın saytında, sosial şəbəkələrdə paylaşmaq istəyirəm. Təsirli də bir məktub hazırlamışam. Əsas güc o məktubdadır, gərək adamlar məktubdan təsirlənsin. 

- Axı belə etsəniz, qorxmursuz ki, insanlarda inam itə bilər, həqiqi xəstə olanların çağırışına heç kim reaksiya verməz?

- İnam itir-itsin, cəhənnəmə ki.

- Alqışlayaq özgüvəni yüksək yarışmaçımızı. (Gurultulu alqışlar) Buyurun davam edin.

- Baxın, arxadakı yekə ekranda fotoları görürsüz, indi isə məktubu oxumaq istəyirəm.

- Buyurun

Boğazını arıtlayır, səsinə üç-dörd damcı qəm-qüssə, beş-altı damcı qəhər, bir-iki damcı da mərsiyə ladı qataraq, az qala özünü də bu kitayski dərdə inandıracaq kövrəkliklə oxumağa başlayır... 

Məktub bitən kimi gurultulu alqış fırtınası qopur. Jüri üzvləri ayağa qalxıb çəpik çalmağa başlayırlar. Kifayət xanım iki-üç dəfə baş əyir, əvvəlcə zala, sonra isə yaxın plan götürən kameraya doğru qanadlı öpüşlər göndərir. 

Aparıcı həyəcanlı səslə elan edir: Əziz tamaşaçılar, inanılmazdır, indicə mənim qulağıma dedilər ki, Kifayət xanımın sms-ləri bir dəqiqə içində 2500-ə qalxıb. (Yenidən alqışlar)

Bəli, əziz tamaşaçılar, Kifayət xanımı yola salıb, uzatmadan növbəti yarışmaçımızı çağırmaq istəyirəm. Buyursun, gəlsin. 

Səhnəyə arıq-tırıq, qara-qura bir uşaq daxil olur. Alqışlar başlayır. 

Yarışmamızın ən gənc iştirakçısı ilə tanış olaq, özünüzü təqdim edə biləcəksən, yoxsa mən tanıdım səni? Yaxşı, yaxşı, həyəcanlıdır, adı Fikrətdi, 12 yaşı var. (Alqışlar) 

- Fikrət, həyəcanın keçdi bir az? (Başıyla təsdiqləyir) Sən bizə nə hazırlamısan?

- Mən bulvarda  gəzən sevgililərə yaxınlaşıb “Səni o qızın qara gözləri mənə bir çörək pulu” səhnəsini hazırlamışam.

- Buyur, alqışlarla səhnədə Fikrət.

Səhnəsini oynayır. Jüridən Sevgi Hicran söz alır: “Oğlum, səni çox istedadlısan, gələcəyin parlaqdır, səndə təbii qabiliyyət var. Amma mən sənə bir böyük bacın kimi, anan kimi məsləhət görərdim ki, daha yeni şeylər fikirləşəsən, bu yollar artıq köhnəlib, çoxlu müşahidə etmək lazımdır, sən hələ gəncsən, gələcəyin qabaqdadır, gələcək ümumiyyətlə gənclərindir, indki texnika əsridir, telefon əsridir, internet əsridir, daha müasir metodlar tapmaq lazımdır. Bacın sənə bir sirr açsın, qadası, indi çoxunun gözləri linzadır, orası-burası silikondur, botoksdur, sən belə deyəndə sənə gülərlər e bacı qurban. Başa düşdün? Öpürəm, uğurlar sənə.”

Uşaq gedən kimi, kamera təzədən saqqallı aparıcıya tuşlandı. Aparıcı, “İndi isə reklamlar” – deyib görüntüdən çıxdı, üzünü yenidən naməlum qaranlığa tutub, “Tər içində qaldım, salfetka, salfetka” – dedi. Qaranlığın içində əzik dəsmal kimi bir eynək parıltısı tərpəndi. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi