“Sənə o gecənin hekayəsini anlatmaq istəyirəm...”

sene-o-gecenin-hekayesini-anlatmaq-isteyirem-
Oxunma sayı: 3386

Buna bənzər hekayəni mənlə aynı yaşda olanların bir çoxu xatırlayır bəlkə də... Amma bu qanlı savaşın, qətliamların arxa cəbhəsidir, ön cəbhədə olanları anlatsam, ayağının altından yer qaçar. Ön cəbhədəkilərin hekayələrini anlatan qadının göz yaşları ilə yazdığı kitabında da eynilə bu cür yazır. “Sənə o gecənin hekayəsini anlatmaq istəyirəm...” İndisə o kitabdan oxuduqlarımdan, daha doğrusu, öz yaşadıqları dəhşətləri cəsarət edib dilinə gətirənlərin hekayələrindən və qətliama bais olanların etiraflarından bir parçanı bəzi yerlərində müəllifin öz cümlələrini qorumaq şərtilə sənə təqdim edirəm...

“Bu hekayə yer üzündə olmayan şəhərimizin – Xocalının hekayəsidir”. O şəhərin sakinləri o gecə dünyanın ən böyük tükirpədici vəhşiliklərini yaşamışdılar. Gözünün önündə qızı, arvadı, gəlini zorlanan kişilər, düşmən əlinə keçməsin deyə, südəmər uşaqlarını boğan analar, əlləri ağaca bağlanaraq, ətrafında “qızmı, oğlanmı?” deyə, hərarətli “müzakirələr” aparılan, mərc gəlinərək qarnı oyulub uşağı qarnından çıxarılan gənc analar, oğlu əlinə ov tüfəngi götürüb, torpağını qoruduğuna görə – ruslar əvvəlcədən əmr verərək evində silahı olan Azərbaycan türklərindən silahları toplamışdılar, dolayısıyla qətliamlara əməlli-başlı hazırlıq görürmüşlər – dişləri kəlbətinlə sökülən, ölümcül əzablara məruz qalan, gözünün önündə oğlunun başı kəsilən yaşlı atalar, meşədə qarın buzun içində günlərlə qaldıqdan sonra, ayaqları-əlləri donan və hazırda da həyatda olsalar belə, şikəst yaşayan, yaxud da, günlərlə ormanda qarın içində qaldıqdan sonra, türkcə “qorxmayın, çıxın, sizə köməyə gəldik” deyə, aldadılaraq saxlandıqları yerlərindən çıxardılan, sonra güllələnən, bir qismi də əsir alınan qızlar, gəlinlər və daha neçə-neçə başlarına olmazın müsibətlər gətirilən bu insanlar çarəsiz Xocalı sakinləri idilər.

Hə, bir də çoxlarının varlığından xəbəri olmayan “qaflanlar” qrupu haqqında qısa bir məlumat vermək istəyirəm. Daha öncəki illərdə başqa adla yaradılmış bu qrup 1988-1993-cü illər arasında ermənilərin Azərbaycan torpaqlarında həyata keçirdikləri terrorun izlərini örtbas etmək məqsədilə cəsədləri yandırmaq üçün yaradılan özəl qrupdur. Dauda Xeyriyan, “Xaç üçün” (Beyrut 2000) kitabında yazır: “Bu sabah soyuqda Daşbulağa doğru təxminən bir kilometrlik yolu keçmək üçün cəsədlərdən yol düzəltdik. Mən cəsədlərin üzərindən keçmək istəmirdim. Mayor Oqanyan (hazırda Seyran Oqanyan Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin müdafiə naziridir) qorxmamamı və bunun müharibə qanunu olduğunu söylədi. 9-11 yaşlarında bir qız cəsədinə basaraq irəlilədim. Çəkmələrim və şalvarım qana bulaşmışdı. Beləcə 1200 cəsədin üzərinə basaraq keçdim. 2 Martda Qaflan erməni qrupu axmaq moğollara (yəni türklərə) aid 2000 cəsədi topladı və Xocalının qərbində onları bir neçə yerə toplayaraq yandırdı. Son yük maşınında təxminən 10 yaşında bir qız usağı gördüm. Qız boynundan və əlindən yaralanmışdı. Diqqətlə baxan zaman zəif də olsa, nəfəs aldığını gördüm, soyuq və aldığı yaraya rəğmən, cocuq hələ də yaşayırdı. Ölümlə mücadilə edən bu qızın gözlərini heç bir zaman unutmayacağam. Daha sonra, Tiqranyan adlı bir əsgər uşağın qulağından tutaraq yandırılması üçün bir yerə yığılmış və üzərlərinə benzin tökülmüş digər cəsədlərin yanına gətirdi və onları yandırdı. Bu sırada birilərinin yardım səslərini duydum. Mən daha irəliyə getmədim. Çünkü Xocalıyı bu lənətlənmiş türklərdən qurtarmaq istəyirdim.”

“Xocalıda qanlı bir futbol hazırlığı gedirdi. İki azərbaycanlı qadının başını kəsib qapı dirəyi yaratmışdılar. İndi isə “top” axtarmaqdaydılar. Saçları dibdən qazınmış bir usağı tapıb gətirən erməni caniləri sevincdən qışqırışdılar: “Bu həm saçsız, həm də kiçikdir, kəsinliklə çox yaxşı yuvarlanacaq.” Uşağın başı bir yana düşdü, bədəni başqa yana… Ermənilər zəfər qışqırığıyla kəsilən qanlı başı təpiklə qapıya vurmağa çalışırdılar.

366-cı alayda xidmət etmiş bir rus əsgəri 1992-ci il “Moskovskiy Komsomolets” qəzetində bunları söyləyir: “Şəhəri aldığımız zaman bir erməni əsgəri azərbaycanlı qadının yeni doğulmuş uşağını əlindən alaraq iki parçaya ayırdı. Parçalanmış uşağı qanlı ayaqlarıyla qadının üzünə-gözünə vurmağa və yaşadığı bu dəhşət qarşısında qəhqəhəylə gülməyə başladı.”

Xocalının sağ qurtulan əhalisindən 1600 nəfər ömrü boyu şikəst yaşamağa məhkum edildi. İki yüzə yaxın insanın əl və ayaqları soyuqdan dondu və kəsildi.

Laçının işğalı zamanı əsir düşən və qardaşlarının uzun zaman mücadilələrindən sonra, bir neçə kiloqram qızıl qarşılığında dəyişdirilməyə razı salınan ermənilərin müəllimə olan Səmayə adında qadını iki uşağıyla birlikdə verəcəkləri günün sabahı qadın başındakı saç sancağı ilə damarlarını deşərək intihar edir və məktuba qanıyla bunları yazır: “Uşaqlarıma sahib çıxın, məni də bağışlayın. İstəmirəm ki, qardaşlarımın ermənilərdə əsir qalmış bacısı olsun.”

Yadınızdadırsa, Səmayənin qeyri-insani davranışlar nəticəsində gözləri nursuz, kor qalan qızı Nuranə ötən il, yəni bu hadisələrdən 20 il sonra, Ermənistanın prezidenti Serj Sarkisyana “mənim xoşbəxt körpəliyimi qaytar, mənim anamı qaytar, mənim günahım nə idi?” deyə, məktub ünvanlamışdı…

52 günlük əsirlikdən sonra, 1992-ci ilin aprel ayının 12-də 7 nömrəli hücrənin əsirlərinin Qırmızı Xaç Komitəsi tərəfindən qeydə alınaraq əsirlikdən qurtarılmasına səbəb də başlarına gətirilən ən ağlasığmaz işgəncələr olmuşdur ki, komitənin üzvlərini dəhşətə gətirmişdir.

Xocalı qətliamında 8 ailə bütünlüklə yox edildi. 487 insanın əl və ayaqları dondu. Yüz kişi ömürlük şikəst qaldı. 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 1275 yaşlı, uşaq, qadın əsir alınaraq təhqirə, zülmə və həqarətlərə məruz qaldı. Əsir alınan 150 kişinin, 68 qadının və 26 uşağın sonrakı aqibəti ilə bağlı bugünə qədər məlumat almaq mümkün olmamışdır. İşğaldan sonra yalnız 2300 nəfərin öldürülməsi və əsir edilməsi açıqlansa da, əsirlərin aqibəti haqqında hələ də məlumat yoxdur.

Qar qan rəngiydi o gecə… Əziz oxucum, yuxarıda qeyd etdiyim kimi, yazdıqlarımın bir qismini kitabda olduğu kimi sənə tədim etmək istədim. Hekayələrini öz dillərindən duyan o qadının, kitabın müəllifi Kəbutər Haqverdinin cümlələriylə.

P.S. Maraqlananların diqqətinə çadırmaq istəyirəm ki, “İleri yayınları”nda çap olunan “Qar qan rəngiydi o gecə” kitabı hazırda Türkiyədə kitab mağazalarında satışdadır. Buradan Kəbutər Haqverdiyə minnətdarlığımı bildirir və bu kitabdakı həqiqətlərin, müsibəti-hekayətlərin dünyanın başqa dillərinə tərcümə olunaraq çatdırılmasını arzulayıram.