“Səngərlər qazılıb, əsgərlər üzbəüz dayanıblar”

sengerler-qazilib-esgerler-uzbeuz-dayaniblar
Oxunma sayı: 1883

Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun Fransaya səfəri çərçivəsində Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalında müsahibəsi dərc edilib.

"Qafqazinfo" xəbər verir ki, xarici işlər nazir müsahibəsində Dağlıq Qarabağ probleminə də toxunub və bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasını hərbi təcavüz və işğal faktı təşkil edir: "Hərbi güc tətbiq edərək Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edərək bir milyondan artıq Azərbaycanlıya qarşı etnik təmizləmə törətdi. Aqressiv separatizmin vaxtında qarşısının alınmaması, ikili münasibətlərin göstərilməsi nəticə etibarilə bu gün yaşadığımız faciəyə yol açdı. Separatizmin bütün forma və təzahürlərinə qarşı qəti və birmənalı mövqe olmalıdır.  

Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və fiziki baxımdan Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir. İkinci Dünya müharibəsində Almaniya və Fransa arasında olduğu kimi, işğal olunmuş ərazilərdə qoşunların təmas xətti boyunca səngərlər qazılıb və əsgərlər üzbəüz dayanıblar".

Nazir daha qeyd edib ki, münaqişənin digər bir faciəvi humanitar aspekti əsir və itkin düşmüş şəxslərdir: "Aralarında çoxsaylı mülki şəxslər də olmaqla, 4000-dən artıq azərbaycanlı əsir və itkin düşmüş hesab olunur. Ailələr 25 ildən artıq dövr ərzində öz yaxınlarının taleyi barədə məlumat gözləyirlər. Bir neçə il əvvəl işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən iki nəfər soydaşımız Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Onlar hələ də Ermənistan tərəfindən girovluqda saxlanırlar. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, münaqişənin humanitar aspektlərinə, o cümlədən itkin düşmüş şəxslər məsələsinə göstərdiyi diqqəti təqdir edirik və bu bunlar münaqişənin həllinə töhfə verən bilən məqamlardır".

"Münaqişənin bir həlli varmı" sualına cavab olaraq Məmmədyarov bildirib ki, bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT TŞ-nın qətnamələri Dağlıq Qarabağı Azərbaycanın ərazilərinin ayrılmaz bir hissəsi kimi tanıyır və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir:

"Münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib. Münaqişənin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir. Nəhayət Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir".        

"Minsk Qrupu tərəfindən aparılan sülh prosesini necə görürsünüz?" sualına cavab olaraq XİN rəsmisi bildirib ki, təəssüf ki, nəticə yoxdur : "Minsk Qrupu tərəfindən BMT TŞ-nın 822 saylı qətnaməsinə əsasən 853 saylı BMT TŞ-nın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair Təxirəsalınmaz addımlar barədə fəaliyyət planı hazırlanıb və təsdiq olunub. Amma indiyə qədər onun icrası təmin olunmayıb.

Hal-hazırda danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur. Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə bu istiqamətdə səyləri davam etdirəcəkdir. İşğala və bir milyondan artıq vətəndaşı etnik təmizləməyə məruz qalmış tərəf kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf Azərbaycandır".