Sensasiya həvəskarları vəziyyəti pisləşən şəxsin ölümünə səbəb olublar

Sensasiya həvəskarları vəziyyəti pisləşən şəxsin ölümünə səbəb olublar
Oxunma sayı: 1774

Vyana şəhərinin mərkəzində insan ölümü ilə nəticələnən xoşagəlməz hadisə ölkə mətbuatının diqqətini özünə cəlb edib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, əhalinin gur hərəkət etdiyi Roymannplatz meydanında qəfildən halı pisləşən 71 yaşlı təqaüdçüyə kömək etmək üçün onun ətrafına qısa zamanda 80-100 nəfər toplaşıb. Polis və təcili yardım qüvvələri hadisə yerinə cəlb edilsələr də, izdihamı yarıb xəstəyə yaxınlaşmaq üçün xeyli vaxt itirilib. Az müddətdə sayı 300 nəfəri keçən sensasiya həvəskarları xəstənin təcili yardım maşınına yerləşdirilməsində də həkimlərin işini çətinləşdiriblər. Ürək ritmini bərpa etmək üçün pasiyentə hadisə yerində defibrillator aparatının köməyi ilə müdaxilə edilib, lakin itirilmiş vaxt və izdihamın törətdiyi maneələr ucbatından xəstənin həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanaya çatdırılan təqaüdçü həkimlərin səyinə baxmayaraq vəfat edib.

Avstriyanın daxili işlər naziri Herbert Kikl hadisəyə münasibət bildirərək qeyd edib ki, xüsusilə avtomobil qəzaları zamanı xilasedicilərin hadisə yerinə çatmasında böyük maneələr yaranır. Yoldan ötən avtomobillər və ya küçədəki seyrçilər xilasedicilərin hadisə yerinə yaxınlaşmasını əngəlləyir və insan həyatını xilas etmək üçün gərəkli olan qiymətli zamanın itirilməsinə səbəb olurlar. Hətta bəzən avtomagistrallarda yolun əks istiqamətində hərəkət edən avtomobillərin öz sürətini azaldaraq, baş vermiş bədbəxt hadisələri böyük maraqla videokameraya çəkirlər. Bu zaman onlar xilasedicilərə maneə törətmələ yanaşı, özləri və digər nəqliyyat vasitələri üçün qəza vəziyyəti yaradırlar. Polis və xilasedicilərin əsas diqqət mərkəzində qəzadan sonra insan həyatını xilas edilməsi dayandığından, onların işinə əngəl törədən “tamaşaçı”larla bağlı ölçü götürülmür.

Nazir bildirib ki, yaxın gələcəkdə hadisə yerinə tələsən xilasedicilərin hərəkətini əsassız olaraq əngəlləyən şəxslərə qarşı inzibati cəza tədbirləri tətbiq edilə bilər. Texniki cəhətdən belə cəza tədbirlərinin necə görülməsi hələ müəyyənləşməlidir. Lakin videokameralar sayəsində qəza və ya digər bədbəxt hadisələr baş vermiş ərazilərdə aparılan çəkiliş sonradan müvafiq cəza tədbirlərinin görülməsini asanlaşdıra bilər. Bunun üçün isə ölkə parlamentində siyasi iradə göstərilməlidir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi