Sərdar Cəlaloğluya cavab

serdar-celalogluya-cavab
Oxunma sayı: 4164

İlqar İsmayılzadə

İlahiyyat elmləri doktoru 

Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu son müsahibələrinin birində belə bir fikir səsləndirib: "İŞİD ideologiyasının vətəni elə Azərbaycan özü olub. İlk dəfə İŞİD ideologiyası 9 əsr bundan qabaq Azərbaycan ərazisində yaranıb. Yəni, İslamın zorakılıqla birləşdirilməsi ideyasının əsası Azərbaycanda qoyulub. Nizam əl-Mülkün vaxtında Misirdə indiki baş nazir vəzifəsini icra edən Həsən Səbbah ölüm cəzasına məhkum olunur. Lakin sonradan onun ölüm cəzası dəyişdirilib və o sürgün edilib. Həsən Səbbah Təbriz yaxınlığındakı Ələmut qalasında yerləşib. O, özünə tərəfdarlar yığıb. Bu gün İŞİD-in törətdiyi əməllərdən fərqlənməyən hərəkətlərlə yadda qalan “Haşhaşilər” təriqətini yaradıb. “Haşhaşilər”in işləri görkəmli adamları, imperatorları öldürmək, Avropada krallara qarşı terror aktı törətməkdən ibarət olub. Onlar Nizam-əl-Mülkü də öldürüblər. Onlar elm adamlarını da hədəfə alıblar, bununla da bir xof yaradıblar. Eyni zamanda Həsən Səbbah tabeliyində olanlara “get özünü qaydan at” desəymiş, onlar bunu o saat icra edərdilər. Bu gün İŞİD-in lideri Əl-Bağdadi Həsən Sabbahın ideyasını tam mənimsəmiş bir adamdır..."

Mənim Sərdar müəllimə və səsləndirdiyi fikirlərə hörmətim var. Lakin bir ilahiyyatçı və ümumiyyətlə İslam elmləri sahəsində uzun müddət araşdırma aparan bir şəxs kimi bu fikirlə əsla razılaşa bilmirəm. Çünki İslam dinində zorakılığın bünövrəsi hələ İslam Peyğəmbərinin (s) zamanında və xüsusilə də Peyğəmbərin (s) vəfatından az sonra qoyulmuşdu. Bunu sübut etmək üçün sadəcə İslam tarixini ötəri də olsa nəzərdən keçirmək kifayətdir. Bununla bağlı bir neçə nümunəni təqdim etmək olar:

1. Əldə olan tarixi məlumatlara əsasən İslam Peyğəmbəri (s) Mədinə şəhərində istənilən fərqli şəxslə danışarkən qarşı tərəf onun sözünü qəbul etmədikdə və ya Peyğəmbərin (s) fikirlərinə zidd olan hər hansı bir fikir yürüdəndə həzrətin ətrafında olan bəzi şəxslər dərhal belə söyləyirdilər: "Ey Allahın Elçisi! İcazə verirsənmi bunun başını kəsim?!" Peyğəmbər isə bu kimi zorakı və qəddar şəxsləri sakitləşdirərək söhbətə davam edirdi...

Bu onun göstəricisidir ki, hələ Peyğəmbərin (s) zamanında belə fərqli düşünən insana adi toyuq-cücə kimi baxan "müsəlman"lar mövcud idi.

2. İslam Peyğəmbərinin (s) zamanında əslən "Məxzum" qəbiləsindən olan Xalid ibn Vəlid "Cüzəymə" qəbiləsinin İslam dinini qəbul etmiş bir dəstə üzvlərini amansızcasına qətlə yetirmiş və mal-dövlətlərini mənimsəmişdi. Peyğəmbər (s) isə bu acı xəbəri eşitcək "İlahi! Mən Xalidin davranışından uzağam!" söyləmişdi.

3. Həmin Xalid ibn Vəlid birinci xəlifə Əbu-Bəkrin zamanında "Təmim" qəbiləsini İslam dininə dəvət etmək adı altında bu qəbilənin başçısı və ona təslim olmuş Malik ibn Nüvəyrəni qətlə yetirmiş və onun həyat yoldaşı ilə intim əlaqəsində olmuşdu. Hadisənin dəhşətini nəzərə alaraq birinci xəlifə tərəfindən cəzalanmışdır...

4. Hələ İslam Peyğəmbərinin (s) vəfatından 50 il ötər-ötməz onun sevimli nəvəsi həzrət Hüseyn (ə) Kərbəla çöllərində amansızcasına qətlə yetirilmiş, daha sonra başları kəsilərək nizələrə keçirilib şəhər-şəhər gəzdirilmişdi. Ailə və uşaqlar isə əsir götürülərək inidiki Suriyada yerləşən "Şam Xilafət" mərkəzinə aparılmışdı...

5. İkinci xəlifə Ömər ibn Xəttab, dördüncü xəlifə Əli ibn Əbu-Talib və eləcə də Şam valisi Müaviyə ibn Əbu-Süfyanın məhz terror qurbanları olduğu da heç kəsə gizlin deyil. Üçüncü xəlifə Osman ibn Əffanın da öz evində faciəli tərzdə qətlə yetirildiyini kimsə inkar edə bilməz...

Mən hələ Əməvi sülaləsinin dövründə Hicaz və İraqda hakim olmuş Həccac ibn Yusif əl-Səqəfi kimi qəddar və zalımdan danışmıram. Onun törətdiyi qəddar və iyrənc əməllərdən bəlkə də tarixin səhifələri xəcalət çəkir. Bununla bağlı onlarca acı nümunəni göstərmək olar. Belə olan halda bu gün İslamın zorakılıqla birləşdirilməsi ideyasının əsasının Azərbaycanda qoyulması ilə bağlı səslənən fikirə heç bir vəchlə bəraət qazandırmaq mümkün deyil. Əslində İsmailiyyə təriqətinə mənsub olan və 9 əsr öncə etiqadı, baxışı və davranışı azğın sayılan Həsən əl-Səbbah kimisinin törətdiyi cinayətlər bunun xırda nümunələrindən biri sayıla bilər.

Nəticə etibarı ilə deyə bilərik ki, İslamda qəddarlıq və zorakılığın bünövrəsi elə 14 əsr öncə İslam dininin zühur etdiyi zaman və xüsusilə də Peyğəmbərin (s) vəfatından az sonra qoyulmuşdur. Bunun əsil səbəbi isə nadanların və xüsusilə də dindən öz maddi və siyasi "hədəf"ləri üçün sui-istifadə edənlərin bu pak və səmavi dini öz bildikləri və öz bəyəndikləri tərzdə izah etməsindən, dinə ifrat dərəcədə yanaşmasından irəli gəlirdi. Odur ki, din alimlərinin səlahiyyətli olması və ümumiyyətlə dinə yanaşma məsələsinin nə qədər həssas olduğunu kimsə nəzərdən qaçırmamalıdır.