Sərhədçilərimizin xilas etdiyi gəmidə 3 iranlı ölüb

serhedcilerimizin-xilas-etdiyi-gemide-3-iranli-olub
Oxunma sayı: 2281

Dövlət Sərhəd Xidməti Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin zəhərlənən heyət üzvləri ilə bağlı daha bir məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, dünən saat 21:20 radələrində Xəzər dənizinin mər­kəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı mar­­şrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Naz­mehr” quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhər­lənməsi ilə əla­qədar təxirəsalınmaz köməklik göstərilməsi üçün müra­ciət edilməsi barədə Döv­lət Dəniz Agentliyindən Dövlət Sərhəd Xid­mətinin Sahil Mühafizəsinə məlumat daxil olub.

Daxil olmuş məlumat dərhal dövlət sərhədinin mühafizəsində olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinə çatdırılmış və İİR gəmisi olan koordinatlara istiqamətləndirilib.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmi­si­nə yan almış və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İİR və­təndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götü­rərək sürətlə sahilə doğru hərəkət etmişdir. İİR vətəndaşları “Naz­mehr” quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmama­sını bildirib. Sərhəd gözətçi gə­misində digər 4 nəfərə ilkin tibbi yardım göstərilmiş, qabaqlayıcı təd­birlər görülməklə təcili tibbi yardım maşınları Abşeron dəniz limanına çağırılmış və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil verilib.

Saat 04:00 radələrində “Nazmehr” quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşməsini bildiribvə köməklik göstərilməsini xahiş edib.

Sərhəd gözətçi gəmisi müraciətə dərhal reaksiya verərək gəmiyə doğru istiqamət götürmüş və daha 4 nəfər heyət üzvü xilas edilərək Abşeron dəniz limanına çatdırılıb.

Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.