Sərhəddə 4 əcnəbi saxlanıldı

serhedde-4-ecnebi-saxlanildi
Oxunma sayı: 1015

Dövlət Sərhəd Xidməti tərəfindən 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozan şəxslər yaxalanıb.

Araşdırma zamanı Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Hindistan vətəndaşları – 1995-ci il təvəllüdlü Dhak Mazara, 1993-cü il təvəllüdlü Singh Sukhdeep və Pakistan vətəndaşları – 1969-cu il təvəllüdlü İmtiaz Muhammed, 2002-ci il təvəllüdlü Həsən Əli olması müəyyən edilib. Sərhəd pozucularının üzərinə baxış zamanı 2 ədəd mobil telefon, 4 ədəd pasport, 2 ədəd simkart, 3 ədəd kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 Pakistan rupisi aşkar olunub.

Araşdırma zamanı saxlanılmış sərhəd pozucularının Azərbaycan ərazisinə rəsmi qaydada daxil olmaları, Avropa ölkələrinə getmək məqsədilə dövlət sərhədini pozaraq Gürcüstan ərazisinə keçməyə cəhd göstərmələri müəyyən edilib.  

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.