Sərnişinlərin güllələnməsi

sernisinlerin-gullelenmesi
Oxunma sayı: 2727

Azər Qismət

Hələ uşaqlıqdan eşidirəm ki, ictimai nəqliyyatda bilet pulunu ödəməyən şəxsləri Hitler güllələtdirərmiş. Mircəfər Bağırov barədə də belə rəvayətlər danışılır, amma bu söhbətin hələ mənbəyi yoxdur. Hitlerin sərnişinləri güllələməsi barədə məlumatlar isə daha çoxdur. Guya o, hakimiyyətə gələndən az sonra biletsizlərin məsələsini belə “asanlıqla” həll edib. Onlara “dovşan” deyərdilər. Yəni, dovşan kimi qaçanlar.

Yayılan məlumatlardan biri belədir. Guya Hitler 1939-cu ildə əmr verib ki, biletsiz sərnişinlər tramvayda güllələnsin. Berlin sakinləri buna inanmayıblar. Bir neçə saat ərzində artıq 8 sərnişin güllələnib.
Yayılan başqa bir məlumatda isə bildirilir ki, tramvaya daxil olan avtomatlı polislər sərnişinlərə qışqırıblar ki, “hamı bilet pulunu ödəməlidir”. Bəziləri bunu zarafat hesab edərək qəhqəhə çəkiblər. Nəticədə 7 sərnişin güllələnib.
Almanların daha bir rəvayətinə görə 1939-cu ildə polislər tramvaya daxil olaraq bütün sərnişinləri çölə çıxarıb sıraya düzüblər, onlardan 10 nəfəri bildirib ki, bilet pulları yoxdur. Polis onların üzünü divara çevirərək güllələyib.

Amma 1935-ci ildə Hitlerin ictimai nəqliyyat barədəki çxışı tam dəqiq olub. Adolf Hitler çıxışında bildirib: “Dövlət ictimai nəqliyyat üçün milyonlar xərcləyir. Amma bəzi sərnişinlər bilet almayıb qaçırlar. Yüksəkməbləğli cərimələr həmin “dovşanlar”ın vecinə deyil”. Bu iş konkret olaraq Müllerə tapşırılır. Müller Hamburq Gestaposunun keçmiş rəisi kimi ad çıxardığından və təşkilatçılıq baxımından mükəmməl oduğundan biletsiz sərnişinlərlə bağlı məsələni tez bitirir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində bu problem Azərbaycanda da hökm sürürdü. O illərdə avtobusların gəliri “dovşanlar”a görə azalmışdı. Bu problem Baku Bus avtobuslarının xəttə çıxarılmasına qədər də davam etdi. Artıq xeyli müddətdir bu qırmızı avtobusların xəttə çıxarılmasına baxmayaraq hələ də bəzi adamlar narazılıq edir. Öyrəşə bilmirlər. Yaxud, öyrəşmək istəmirlər. Əgər araşdırılsa məlum olar ki, onlar uzun illər nəqliyyatdan pulsuz istifadə edib qaçanlardır. Buna dözə bilmirlər. Normal mədəni sistemə alışmaq istəməyənləri isə qanunla cəzalandırmaq lazımdır.

Bəzən hansısa yaşlı adamın dayanacaqdan kənarda saxlamaq xahişini yenə də anlamaq olar. Amma cavan adamın “məhz burada saxla” əmri artıq yeni sistemə öyrəşmək istəməməsindən irəli gəlir. Bir müddət əvvəl cavan oğlan sürücünün kabinəsini yumruqlayanda tədbir görülməli idi. O adam axtarışa verilib cəzalandırılmalı idi ki, bir müddət sonra hansısa cavan oğlan yaşlı sürücünü hamının gözünün qarşısında döyməsin. Döyülən sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Sürücü düz edib. O, yüksək məvacib alır. İstəməz ki, kiməsə görə işini itirsin.

Adamlar belə qaydalara öyrəşəcəklər. Necə ki, ilk vaxtlar smartkart tipli elektrik enerjisi və qaz sayğacları ölkəmizə gətirilib evlərdə tətbiq ediləndə sakinlər çaş-baş qaldı. Amma getdikcə yenilik tam qaydada tətbiq edilib sona çatdırıldı.

Vaxtilə rus xalqı da saqqalı dizə qədər uzadıb əyalətçilikdən çıxmaq istəmirdi. Nəhayət, 1-ci Pyotr özü qayçı götürüb rus “mujik”inin saqqalını qırxmağa məcbur oldu. Çünki adamların özünə qalsa bunu etməyəcəklər.

İnsan xisləti yeniliyi çətinliklə götürür. Ona qalsa əvvəlki ənənələrdə qalar, evi şamla işıqlandırar ki, elektrik lampası gözün qişasına zərərdir. Qaz yandırmaz ki, ağ ciyəri sıradan çıxarar. Adamlar yeni avtobuslara da öyrəşəcəklər. Öyrəşməyə də məcburdurlar. Çünki irəlidə daha başqa yeniliklər olacaq.