Şərqi dinə meyilli, qərbində alt paltarında gəzirlər - Fotolar

serqi-dine-meyilli-qerbinde-alt-paltarinda-gezirler
Oxunma sayı: 6214

“Neftçi”nin play-off ümidlərinin ardınca getdiyimiz İsrail macəralarımız davam edir. 

İkinci yazı: (Birinci yazını buradan oxuya bilərsiz)

“David Şəhəri”ndə təhlükəsizlik tədbirləri xüsusi şəkildə görülür. Maraqlıdır ki, girişdə olduğu kimi, çıxışda da yoxlanışdan keçməlisən. Bu şəhərin dini yerlərinə daxil olarkən başımızı da örtməli olduğumuzu bildirirlər. 

Maraqlıdır ki, İsraildə toy edənlər də Qüdsə gəlir. Musiqi sədaları altında müqəddəs şəhərdən “xeyir-dua” alırlar.  

Əl-Əqsa Məscidinə gedən yol bütünlüklə ərəblərin ticarət obyektləri ilə zəbt olunub. Burada Şərqə məxsus müxtəlif atributlar satılır. Qiymətlər isə turist axınına uyğun hesablanıb. Bəzən satıcılar ölkələrə görə qiyməti dəyişir, müsəlmanlara endirim edirlər. 

Qüdsdən Təl-Əvivə yollanırıq. Aralıq dənizinin ağlasığmaz mənzərəsi boyunca uzanan yoldan göz çəkmək mümkün deyil. 

Təl-Əviv dünyanın ən isti şəhərlərindən biri sayıla bilər. Gündüzlər havanın temperturu 40 dərəcəyə yaxın, gecələr 25 dərəcə olur. Təl-Əvivdə isti hava kimi qiymətlər də “əl yandırır”. 

Bakıda 50 qəpik qiyməti olan saqqız İsrailin paytaxtında 6 şekel (2 manat 90 qəpik) edir. Siqaretlərin ən ucuzu isə 15 manatdan başlayır. Lakin əhalinin əmək haqqı da qiymətlərə uyğun hesablanıb və ən az maaş 5-6 min dollar civarındadır. 

Bunları bizə qaldığımız “BY14” otelin restoranında çalışan Vidadi adlı azərbaycanlı aşpaz deyir. 2 il öncə Bakıdan gəlib İsraildə məskunlaşan Vidadi Ağdaş rayonundandır. Otelə gələcəyimizi eşidən həmyerlimiz bizi Azərbaycan mətbəxindən xüsusi yeməklərlə qarşıladı.

Onunla söhbətimizdə İsraildə evlərin alqı-satqı qiymətinin 1 milyon manatdan çox olduğunu, kirayələrin isə təxminən 1 aylıq ödənişinin 1000 dollara çatdığını bildirir. Bu, ən aşağı olan qiymətlərdir. 

Təl-Əvivdə ən böyük problem isə spirtli içkidir. Axşam saat 11-dən sonra heç bir marketdə spirtli içki satılmır. Yalnız küçələrdə olan kiçik marketlərdə satıcılardan xahiş, minnət və yüksək qiymətlə nəsə almaq mümkün olar. 

İsrailin şərqi nə qədər dinə meyillidirsə, qərbi bir o qədər dindən uzaqdır. Təl-Əvivdə insanlar çox rahat şəkildə şəhər mərkəzində alt paltarında gəzir, yalnız şortla, köynəksiz və ayaqqabısız küçəyə çıxırlar. 

Çimərlik şəhərə çox yaxın olduğundan dənizdən çıxanlar paltarlarını dəyişmədən evlərinə gedə bilirlər. 

Natəmizlik isə Təl-Əviv üçün adi haldır. Hər kəs tullantıları küçələrdə istədiyi yerə rahatlıqla ata bilir. 

Şəhərdə ünsiyyət saxladığımız insanlar “Neftçi”nin rəqibi olan “Bney Yehuda”nın Təl-Əvivdə çox sevilmədiyindən söz açırdılar. Əksəriyyətin onlardan xoşu gəlmədiyini Avropa Liqasınınn 3-cü mərhələsində “Moşava” stadionunun dolmamasından da hiss etmək olardı. 12 minlik tutumu olan arenanın yalnız 3 tribunası dolu idi. 

“Neftçi”ni də dəstəkləmək üçün “Moşava” stadionuna 80-ə yaxın azərbaycanlı azarkeş təşrif buyurmuşdu. Həmyerlilərimiz komandamızın qələbəsini görmək üçün müxtəlif şəhərlərdən Petah-Tikva şəhərinə toplaşmışdılar. Təəssüf ki, təmsilçimiz azarkeşləri sevindirə bilmədi. 

Bəzi futbolçuların oyunboyu etdikləri inanılmaz səhvlər rəqibin qalib gəlib mərhələ keçməsinə səbəb oldu. Bəzən futbolda şablon olaraq işlədilən “sona qədər döyüşməy”ə “Neftçi”nin ehtiyacı var idi. Amma görünən odur ki, futbolçular matçın əhəmiyyətini dərk edə bilmirdi. Mübarizə əzminin zəifliyi, ötürmələrdə saysız-hesabsız səhvlər.

“Arsenal” üzərindəki zəfərdən sonra azarkeşləri çox ümidləndirən, qrup mərhələsi müjdəsi verən “Neftçi”nin məğlubiyyətindən başqa İsrail səfərini yetərincə mükəmməl adlandırmaq olar...

Elsevər Məmmədov