Səs – küylü dava ilə bağlı məhkəmə prosesi başladı

Səs – küylü dava ilə bağlı məhkəmə prosesi başladı
Oxunma sayı: 1080

Bu gün Binəqdi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları – Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rəşad Əliyevin icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Proses sentyabrın 19-da davam etdiriləcək. Növbəti iclasda ifadələr veriləcək.

Qeyd edək ki, iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarıblar. Mühafizəçilərin iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun tapşırığı ilə mağazaya hücum etdiyi bildirilir.

Məlumata görə, 2 il əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. İndi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxslərdən iş adamı A.Xanməmmədov, mühafizəçilər E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanov barəsində həbs qərarı verilib, digərləri isə polisin nəzarətinə verilməklə azadlığa buraxılıblar.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi