Səudiyyə Ərəbistanından olan heyət jurnalist Camal Qaşıqçının yoxa çıxması ilə bağlı başladılan istintaq çərçivəsində Türkiyəyə gəlib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankaraya çatan səudiyyəli heyətlə türk rəsmilər arasında həftə sonu görüşlər keçirilməsi gözlənilir.
Heyətin neçə nəfərdən ibarət olması və istintaq çərçivəsində nə edəcəklərinə dair hər hansı məlumat yoxdur.
Qeyd edək ki, bu gün erkən saatlarda “TRT World” kanalı Türkiyənin istintaq çərçicəsində işbirliyi üçün Səudiyyəyə həftə sonuna qədər vaxt verdiyini açıqlamışdı.
Bu arada Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda yoxa çıxması ilə bağlı Fransadan da açıqlama gəlib. Bu ölkənin xarici işlər nazirinin sözçüsü bildirib ki, Kaşıkçının yoxa çıxması ciddi sual işarələri yaradır. Səudiyyə ittihamlara aydın izah verməlidir.